Jun 30 2020 17:56
Elshad Aliyev
Views: 126

"Azərişıq" ASC ölkəyə yeni gətirilən "SMART card reader" cihazlarının təqdimatını keçirib. AZƏRTAC xəbər verir ki, bu məqsədlə iyunun 30-da keçirilən mətbuat konfransında çıxış edən qurumun İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov yeni cihazların smart-kartların ev şəraitində yüklənməsinə şərait yaradacağını deyib.

O vurğulayıb ki, ölkəmizin kommunal sistemində ilk dəfə “Azərişıq” ASC belə bir innovativ və günün tələbinə uyğun yeniliyə imza atıb. “Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus (COVID-19) pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilir. "Azərişıq" olaraq biz də bu işlərə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, "Azərişıq" ASC-nin mobil əlavəsinə etdiyimiz yenilikdən sonra "SMART card reader" cihazını telefona qoşmaqla ödəniş etmək olur. Hazırda yalnız “Android” əməliyyat sistemli telefonlar mobil tətbiqi “Play market” üzərindən rahatlıqla yükləyə bilərlər. Amma yaxın günlərdə digər platformalar üzərindən də bunu etmək mümkün olacaq", - deyə o qeyd edib.

"Azərişıq" sözçüsü bildirib ki, bu avadanlıqlar 300 mindən çox abunəçinin işini asanlaşdıracaq.

Onun sözlərinə görə hazırda ASC-nin 550 minə yaxın smart-kart tipli sayğacı olan abunəçisi var. Həmin abunəçilərin istifadəsində olan smart-kartlar iki cürdür. Hazırda yalnız onlardan bir qrupu bunu istifadə edə biləcək. Bu isə təxminən 300 mindən bir qədər artıq abunəçi deməkdir. Qarşıdakı günlərdə isə digər növ smart-kart sayğaclarında da bunu istifadə etmək mümkün olacaq. Bu günədək "SMART card reader"lərdən təxminən 3 min ədəd gətirilib. Abunəçilər qiyməti təxminən 18-20 manat civarında olacaq bu cihazları “ASAN kommunal” və “ASAN xidmət” mərkəzlərindən əldə edə biləcəklər.


Create Account



Log In Your Account