Apr 16 2020 12:32
Elshad Aliyev
Views: 76

Ölkədə istilik mövsümü aprelin 25-dək uzadılıb.

“Azəristiliktəchizat” ASC-dən AZƏRTAC-a bildirilib ki, dünyanın bütün ölkələrində yayılmış koronavirus pandemiyası ilə əlaqədar Prezident İlham Əliyevin birbaşa tapşırıq və göstərişləri əsasında həyata keçirilən genişmiqyaslı profilaktik və pereventiv tədbirlər, o cümlədən əhalinin sağlamlığının, sosial rifahının və iqtisadiyyatın qorunması ilə bağlı atılan addımlar, düşünülmüş strategiya çərçivəsində mərhələli yollarla həyata keçirilən məhdudlaşdırıcı rejim nəticəsində ölkədə vəziyyətin tam nəzarətdə saxlanılması təmin edilib, koronavirus pandemiyasının daha geniş yayılmasının qarşısı alınıb. Atılan addımlar ilk növbədə insanların sağlamlığının və onların həyatının qorunmasına, eyni zamanda, iqtisadi dayanıqlılığın təmin olunması və aztəminatlı ailələrin, həmçinin karantinlə əlaqədar ziyan görmüş sahibkarlıq subyektlərinin maliyə vəziyyətinin dəstəklənməsinə yönləndilib.

Xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdə qaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təmin edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq, ölkə başçısının tapşırıq və tövsiyyələri nəzərə alınaraq Nazirlər Kabinetinin göstərişinə əsasən Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb, bununla bağlı müvafiq araşdırmalar aparılaraq Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib. Bununla bağlı Azərbaycan Respublikası Baş Nazirinin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib.

Ölkə ərazisində istilik mövsümünün aprelin 25-nə qədər davam etdirilməsi ilə bağlı "Azəristiliktəchizat" ASC tərəfindən bütün zəruri tədbirlər görülüb, istilik təchizatı sistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosial obyektlərin istilik təchizatının davam etdirilməsi təmin olunacaq.

Hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, ASC-nin idarəetmə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdən ibarət növbətçilik yaradılıb, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir. “Azəristiliktəchizat”ın 956 nömrəli Çağrı mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Vətəndaşlar 956 nömrəli Çağrı mərkəzi, telefon, elektron məktub və ASC-nin rəsmi “Facebook” səhifəsi vasitəsilə onları maraqlandıran suallarla bağlı müraciətlərini həyata keçirə bilərlər.


Create Account



Log In Your Account