May 04 2018 14:08
Naile Hesenova
Views: 502

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

 

AZƏRTAC xəbər verir ki, dövlət başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni, 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.

 

Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.

 

Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar bu baxımdan xüsusilə əhəmiyyətlidir. Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması dövlət tərəfindən bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. İlkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adı çəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb, Sumqayıt Kimya Sənaye Parkında yunəyrici-boyaq fabrikinin təməli qoyulub. Dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan və Şabran rayonlarında xalça istehsalı emalatxanalarının yaradılması davam edir. Növbəti filial Xaçmazda istifadəyə verilib.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar sahədə yerləşir. Burada 150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

 

Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursların məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

 

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

 

Dövlətimizin başçısı görüşdə çıxış etdi.


Create Account



Log In Your Account