Nov 11 2019 13:01
Elshad Aliyev
Views: 70

Prezident İlham Əliyev 5 noyabr 2019-cu il tarixdə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

“Azərxalça”dan Trend-ə verilən məlumata görə, həmin Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Qısa zamanda Sərəncamın icrası istiqamətində tədbirlər görülüb, lazımi texniki sənədlər hazırlanıb.

Noyabrın 9-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində xocalılı toxucularla görüş keçirilib, “Azərxalça”nın Xocalı filialının tikiləcəyi əraziyə baxış olub.

Tədbiri Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev açıb.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov çıxış edərək “Azərxalça”nın Xocalı filialının yaradılmasının əhəmiyyətindən, Goranboy rayonu ərazisində, eləcə də respublikanın müxtəlif bölgələrində məskunlaşan Xocalı sakinlərinin sosial problemlərinin həlli, rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublika ərazisində 21 filialı fəaliyyət göstərir. Filiallar yaradılarkən, ilk növbədə, daha çox tarixi ənənələrə malik xalçaçılıq məntəqələrinə, peşəkar toxucusu çox olan rayonlara üstünlük verilib. Dövlət başçısı “Azərxalça”nın Qəbələ filialının açılış mərasimində bir daha bildirib ki, ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Ölkə rəhbərinin müvafiq Sərəncamına uyğun olaraq, 2020-ci ildə “Azərxalça”nın Xocalı filialı yaradılacaqdır.

Vidadi Muradov deyib ki, tarixi xalçaçılıq mərkəzi olan Qarabağda belə fabriklərin yaradılması davam etdirilir. Bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. Qarabağın tarixi xalçaçılıq məntəqlərindən biri də Xocalıdır. Xocalının Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən yaşayış məntəqələrində orijinal Qarabağ xalçaları toxunub. Erməni vandalları Xocalıda 20-ci əsrin ən dəhşətli soyqırımını törədib, bu qədim şəhəri tamamilə dağıdıblar. Ermənilərin Xocalıya təcavüzü zamanı qədim tariximizdən xəbər verən xalçalarımız da məhv edilib. Bu filialın yaradılması Xocalı xalçalarına ikinci həyat verəcək.
Xocalıdan olan məcburi köçkün, toxucu Bəsti Quliyeva onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlığını ifadə edib. O, əmin olduğunu bildirib ki, tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq, Xocalıda belə xalça fabrikləri yaradılacaqdır.

Sonra filial binasının tikiləcəyi əraziyə baxış olub, qısa müddətdə tikintiyə başlanılması qərara alınıb.

 


Create Account



Log In Your Account