May 20 2020 17:12
Elshad Aliyev
Views: 174

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə bağlı məlumat yayıb.

İdarədən AZƏRTAC-a ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkarlandığı hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb olunmayacaqları barədə məlumat verilib.

Lakin aprelin 27-dən etibarən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən “ASAN xidmət” mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, mayın 31-dən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq. Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.


Create Account



Log In Your Account