Jan 28 2017 11:32
Ulviyye Sabirqizi
Views: 1582

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi havaların kəskin pisləşməsi ilə əlaqədar Bakıda yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə və piyadalara müraciət edib.

Qurumun bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır.

Yol polisi bunu nəzərə alaraq, sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır:

"Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki, sürücülər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Sürət həddində hava şəraiti və yolun vəziyyəti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə olunmalıdır. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir”.

V. Əsədov deyib ki, yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş olunur ki, avtomobil yollarının hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqlara diqqət yetirsinlər.

Sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ciddi əməl etməlidirlər. Bununla onlar öz təhlükəsizliklərini təmin etmiş olurlar.

 


Create Account



Log In Your Account