Apr 29 2020 15:23
Elshad Aliyev
Views: 141

Los Anceles şəhərindəki Azərbaycanın baş konsulu Nəsimi Ağayevin Azərbaycanın bolşeviklər tərəfindən işğalının və Azərbaycan Demokratik Respublikasının (ADR) süqutunun 100 illiyi ilə bağlı yazdığı məqalə ABŞ-ın xarici siyasət sahəsində ən nüfuzlu təşkilatlarından olan Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurası (Pacific Council on International Policy) tərəfindən dərc edilib.

CBC–nin Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan aldığı xəbərə görə, məqalədə baş konsul 100 il əvvəl, 28 aprel 1920-ci ildə bolşevik qoşunlarının Azərbaycanı işğal etdiyini və ADR-in müstəqilliyinə son qoyduğunu bildirir. Diplomat ADR-in cəmi iki il öncə yarandığını və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olduğunu qeyd edir. N.Ağayev ADR-in həmçinin müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verdiyini vurğulayır.

Baş konsul, ADR Parlamenti və Hökumətinin Azərbaycanın dini və etnik müxtəlifliyini bariz şəkildə əks etdirdiyini diqqətə çatdırır. 

Məqalədə yeni respublikanın müstəqil xarici siyasət yürütdüyü və 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransına nümayəndə heyəti göndərdiyi qeyd olunur. Parisdə olarkən nümayəndə heyətinin ABŞ prezidenti Vudrou Vilson (Woodrow Wilson) ilə görüşdüyü və bunun Azərbaycan və ABŞ arasında ilk yüksək səviyyəli görüş olduğu diqqətə çatdırılır. V.Vilsonun bir neçə ay sonra ABŞ-da etdiyi çıxışlarında Azərbaycan nümayəndə heyətini xoş sözlərlə andığı bildirilir və sözügedən çıxışlardan sitatlar gətirilir. 

N.Ağayev qeyd edir ki, 2018-ci ilədək Prezident Vilsonun yalnız Kaliforniyanın San Fransisko şəhərindəki çıxışında Azərbaycana dair fikirlər səsləndirməsi məlum idi. Ancaq ABŞ arxivlərində apardığı araşdırmaların nəticəsində baş konsul N.Ağayev, V.Vilsonun Şimali Dakota ştatında etdiyi çıxışda da Azərbaycanın qədim mədəniyyətə malik, mütərəqqi bir ölkə kimi xarakterizə etməsini aşkar etdiyini bildirir.

N.Ağayev tanınmış jurnalist Hugh Pope-un kitabına istinad edərək, Azərbaycan xalqının müstəqilliyin itirilməsilə barışmadığını, işğala qarşı mübarizə apararaq, 20 minə yaxın şəhid verdiyini vurğulayır.

Baş konsul 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın bu gün regionda ən güclü iqtisadiyyata malik ölkə olduğunu və irimiqyaslı beynəlxalq enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırır. O həmçinin Azərbaycanda dinlərarası tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu, şiə və sünnilərin, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşadıqlarını və Azərbaycanın regionda və dünyada bu dəyərləri fəal şəkildə təbliğ etdiyini qeyd edir.

Məqalənin tam mətnilə aşağıdakı linkdə tanış olmaq olar: https://www.pacificcouncil.org/newsroom/day-muslim-world’s-first-democracy-fell 


Create Account



Log In Your Account