Sep 22 2017 19:03
Naile Hesenova
Views: 439

Bu gün Azərbaycan bütün tədbirləri, o cümlədən beynəlxalq idman yarışlarını yüksək səviyyədə keçirməyə qadirdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov Azərbaycanda və Gürcüstanda keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinin açılış mərasimində deyib.

Y.Eyyubov bildirib ki, buna misal olaraq Bakıda keçirilən I Avropa Oyunlarını və IV İslam Həmrəyliyi Oyunlarını, Dünya Şahmat Olimpiadasını, Formula 1 Qran-Prisini, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarını, dünya kuboklarını və çoxlu sayda beynəlxalq turnirləri göstərmək olar. 2019-cu ildə UEFA Avropa Liqasının final matçı və 2020-ci ildə futbol üzrə Avropa çempionatının bir sıra oyunlarının Bakıda keçirilməsi Azərbaycanın idman sahəsində gördüyü işlərin davamı olacaq.

Baş nazirin birinci müavini vurğulayıb ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir:

“Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin birbaşa şəxsi təşəbbüsü ilə idman sahəsində əldə olunan nailiyyətlər idmana göstərilən diqqət və qayğı sayəsində əhəmiyyətli dərəcədə artıb. Bu gün Azərbaycanın bütün regionlarında 40-dan artıq Olimpiya kompleksi və digər idman obyektləri tikilərək istifadəyə verilib. Bu gün Azərbaycanın dünya və Avropa çempionlarının sayı xeyli artıb”.

Y.Eyyubov qeyd edib ki, Azərbaycan müasir, dünyəvi, sabit, demokratik ölkədir və dövlətimizin başçısı tərəfindən insanların sağlam həyat tərzi sürməsi və gənclərin sağlam böyüməsi üçün hər cür şərait yaradılıb:

“Eyni zamanda, biz qadınlar arasında voleybol üzrə 2017-ci il Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdiyinə görə Avropa Voleybol Konfederasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk və inanırıq ki, bu yarış dünya standartlarına uyğun və ən yüksək səviyydə keçiriləcək. Həmçinin ümid edirik ki, Azərbaycan komandası yarışda uğurla çıxış edəcək”.

 


Create Account



Log In Your Account