May 13 2017 00:30
Naile Hesenova
Views: 1588

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bakı Olimpiya Stadionunda Oyunların rəsmi açılış mərasimi keçirilib.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. İndidən tam əminliklə demək olar ki, Bakıda keçiriləcək Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi olaraq tanınır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçiriləcək yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Türkiyə 337 idmançı ilə birinci yeri tutur. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.

Milli musiqi sədaları altında başlayan rəngli şouda Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevan, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əhməd Əl-Osaymin və digər qonaqlar iştirak edib.

Stadionda Azərbaycanın Dövlət himni səslənib. Himnin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilir və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırılır. Stadionu “Şanlı Vətən” nidaları bürüyüb. Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başladı.

Qeyd edək ki, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatdı. 0 gün əvvəl Xəzərdən götürülmüş su Oyunların ruhunu hamıya yaxın etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəmzi olaraq ölkənin bütün guşələrinə göndərilmişdi. Bu müddətdə səyahətçilər 3000 kilometrdən artıq məsafə qət edib, 16 məkandakı 5 göldən, 1 su anbarından, 3 çaydan, 1 bulaqdan, 3 şəlalədən və Xəzər dənizinin ayrı-ayrı sahillərindən su götürərək Bakıya qayıdıblar. Həmin sular bu axşam Bakı Olimpiya Stadionunda qovuşub.

Atletlərin paradı başlayır. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil olur. İdmançıları əlində lövhə tutan kişi və mis qabda su daşıyan qadın müşayiət edir.
Tribunaların önündən ilk olaraq Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adalarının komandaları keçir. Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone idmançıları tribunalarının önündən keçirlər. Azərbaycanın yaxın dostu olan Pakistan IV İslam Həmrəyliyi Oyunlarına 125 idmançı ilə qatılıb.

Səudiyyə Ərəbistanı da Oyunlarda ən böyük heyətlə iştirak edir. Bu ölkədən Bakıya 188 idmançı gəlib. Stadiona İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş komandaları daxil olur. Komandaların paradını Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran idmançıları davam etdirirlər. Növbə Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən komandalarına çatır. Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə salamlayırlar. Türkiyə Oyunlara ən böyük nümayəndə heyəti - 337 idmançı ilə gəlib. Bununla da, idmançıların paradı başa çatır.


Nəhayət, stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi - Azərbaycan komandası daxil olur. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparır. İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunur.
Hərbçilər İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını Azərbaycan bayrağının yanında qaldırırlar. Bayraqlar yan-yana dalğalanmağa başlayır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunur.

Oyunlara ev sahibliyi etməyin Azərbaycan üçün böyük şərəf olduğunu deyən Mehriban Əliyeva dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını ingilis və Azərbaycan dillərində salamlayır. O, IV Oyunların keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlıq edərək deyir: “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur”. Ölkəmizin multikultural tarixinin açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsi olduğunu vurğulayan Mehriban Əliyeva qeyd edir ki, Azərbaycan İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərləri ilə bölüşməkdən fərəh duyur. Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq.

“Mən gözəl gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu, sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva çıxışını bu sözlərlə tamamlayır: “Gücümüz həmrəylikdədir! - Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək”.

Mikrofon önünə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin keçir. O, möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək, Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviqinə töhfə verəcəyinə, İslam aləmində gənclərə dəstək olacağına əminliyini ifadə edir.


Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” ilə üst-üstə düşdüyünü vurğulayan Yusif Əl-Osaymin qeyd edir ki, Azərbaycan bununla multikulturalizmin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir.
İslam Həmrəyliyi Oyunlarının dünyada ən böyük idman tədbirlərindən biri olduğunu diqqətə çatdıran baş katib deyir: “Bu Oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oyunları açıq elan edir.

Stadionu alqış səsləri bürüyür. Atəşfəşanlıq başlayır və gecə səmasında fişənglərin yazdığı “Bakı-2017” sözləri bərq vurur.

 

 

 


 

 

.

 

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilir. Xəzərdən başlayan və Azərbaycanın 15 regionunu əhatə edən su səyahəti mayın 5-də Bakıda başa çatıb.

 


Create Account



Log In Your Account