Nov 27 2019 13:42
Elshad Aliyev
Views: 76

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti açılış mərasimi keçirilib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda qeydiyyatdan keçən tələbələr iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram mühəndislik ixtisası üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub.

Rektor proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlərin cəlb olunduğunu da vurğulayıb.

“BP Azerbaijan” şirkətinin tədbirlər və brend kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl bildirib ki, şirkət 27 ildir Azərbaycanda fəaliyyət göstərir və bu müddətdə sosial layihələrə hər zaman diqqət verib.

Qeyd olunub ki, Bakı Ali Neft Məktəbi BP-nin ən sadiq tərəfdaşlarındandır və ali məktəblə əməkdaşlıq çərçivəsində ən önəmli layihə “Mühəndislər üçün biznes təhsili” layihəsidir. Layihə mühəndis-tələbələrə biznes sahəsində bilik və bacarıqlara yiyələnmək, praktiki məşğələlərdə iştirak etmək, BP, eləcə də, digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi, BANM və BP-nin birgə sertifikatı ilə təmin edilmək imkanları verəcək.

“Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçılarından olmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Telli Quliyeva deyib ki, iştirakçılar sertifikatdan daha çox qazanacağı bilik və bacarıqlara fokuslansınlar. O, həmçinin əvvəlki layihə zamanı yaxşı əlaqələr qurması, komandaya asanlıqla inteqrasiya olunması, zəif cəhətlərini müəyyən etməsi barədə təəssüratlarını bölüşüb.

Qeyd edək ki, layihənin növbəti mərhələsi üçün 84 mühəndis-tələbə seçilib. Onlar Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Milli Aviasiya Akademiyasının tələbələridirlər.

“Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir.

Təlimlər noyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcək.


Create Account



Log In Your Account