Apr 22 2020 14:12
Elshad Aliyev
Views: 78

İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Avrasiya ofisi tərəfindən üzv qurumların videokonfrans formatında görüşü təşkil olunub. “COVID-19 pandemiyası dövründə ictimai nəqliyyatın fəaliyyətinin təmin edilməsində texnologiyaların tətbiqi” mövzusuna həsr olunan görüşə “MosTransProyekt” Tədqiqat İnstitutu, Paris Nəqliyyat Təşkilatı, Bakı Nəqliyyat Agentliyi (BNA), Moskva və Peterburq metropolitenlərinin və digər şirkətlərin məsul şəxsləri qatılıblar.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, iştirakçılar pandemiyaya qarşı mübarizədə həyata keçirdikləri fəaliyyət və tətbiq edilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Görüşü regiondan 140-dan çox iştirakçı da izləyib.

BNA-nın aparat rəhbəri Gülşən Rzayeva təqdimatla çıxış edərək ölkəmizdə pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlər, dövlətin sosial-iqtisadi dəstəyi və ictimai nəqliyyatın təşkilində agentlik tərəfindən görülən işlər, ekspress marşrut xəttlərinin təşkili, ictimai nəqliyyatda və nəqliyyat infrastrukturunda aparılan dezinfeksiya işləri, geniş maarifləndirmə kampaniyası barədə məlumat verib. Həmçinin mərkəzləşdirilmiş dispeçer xidmətinin fəaliyyəti, onun hazırkı vəziyyətdə sərnişin axınının izlənməsi və sıxlıqların qarşısının alınması üçün müvafiq tədbirlərin icrası, ictimai nəqliyyatın intellektual idarəedilməsində əhəmiyyəti vurğulanıb.

Daha sonra BNA tərəfindən həyata keçirilən “Hava keyfiyyətinin indeksi” layihəsi haqqında məlumat verilib. Bilidirlib ki, paytaxtımızda koronavirus səbəbindən tətbiq edilən karantin rejimi dövründə nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir. Layihə çərçivəsində paytaxtın müxtəlif ərazilərində quraşdırılan sensorlar vasitəsilə qeydə alınan rəqəmlərə əsasən havada olan sərt hissəciklərdə 50 faiz azalma müşahidə edilir. Bu proqramın, həmçinin BNA tərəfindən həyata keçiriləcək bir sıra layihələrin səmərəliliyinin ölçülməsində istifadə olunması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2018-ci ildən UITP-nin üzvüdür və qurumun Avrasiya üzrə İcraiyyə Komitəsində təmsil olunur.


Create Account



Log In Your Account