Jun 02 2020 18:05
Elshad Aliyev
Views: 140

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları 04.06.2020-ci il tarixindən dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) APA-ya verilən məlumata görə, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.

Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

BNA-dan bildirilib ki, ekspress marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar, ekspress marşrutlara olan tələbatın kəskin (84%-dək) azalması müşahidə edilib.

Həmçinin, Agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Məlumatda bildirilir ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspress xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspress xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm həm ekspress xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb. 


Create Account



Log In Your Account