Nov 22 2019 11:13
Elshad Aliyev
Views: 70

Noyabrın 22-də ölkədə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq "DevOpsDays" festivalı təşkil olunub. 
 
APA xəbər verir ki, ADA Universitetində reallaşdırılan tədbirdə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, "ASAN xidmət"in "İNNOLAND" İnkubasiya və Akselerasiya  Mərkəzinin direktoru Məmməd Kərimov, ADA Universitetinin dekanı Araz Yusubov iştirak ediblər.

Məmməd Kərimov  jurnalistlərə açıqlamasında bildirib ki, 2009-cu ildən start götürən "DevOpsDays" proqram təminatının inkişafı, İT infrastruktur əməliyyatları və aralarındakı kəsişmə mövzularını əhatə edən dünya miqyasında bir sıra texniki konfraslardır. Onun sözlərinə görə, festival çərçivəsində artıq 4 tədbir həyata keçirilib:

"Tədbirlər Bakı ilə yanaşı Gəncədə də baş tutub. Əsas məqsəd həm investorların, həm startapların, həm də startaplara dəstək olan qurumların bir-biri ilə əlaqələrinin qurulması, danışıqların aparılmasına nail olmaqdır. Həmçinin xaricdən gələn ekspertlərin öz təcrübələrini paylaşmaları üçün bir platformadır. Festivalda 6 gün ərzində 2000-dən çox insanın iştirak edəcəyi gözlənilir".

Direktor qeyd edib ki, festival çərçivəsində 7-ə yaxın mövzuda tədbirlər keçirilir:

"Bugünkü tədbir xüsusən proqram təminatçıları, proqramçılar, bisnes sənaye analitikləri üçün nəzərdə tutulub. Tədbir xüsusi konfrans və master-klaslardan ibarətdir. 7-dən çox xarici ölkədən ekspertlər var".

M.Kərimov diqqətə çatdırıb ki, 2000 iştirakçı arasında startapı olan və olmayanlar var:

"Startaplar çoxşaxəlidir. Maliyyə texnologiyaları, oyun sahəsi, kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi üzrə bir sıra startaplar var. Hələ ki, fovarit qeyd etmək tezdir. Bəlkə gələn aylarda fikir bildirə biləcəyik. Burada xarici investorlar da iştirak edəcək. Bu günə qədər belə tədbirlərdə iştirak edən xarici investorlar olub".

Qeyd edək ki, noyabın 26-dək davam edəcək "StartupFest"ə "Product Hunt Meetup", "Startup Grind Ganja", "Fun Baku", "DevOpsDays Baku", "Techstars Startup Weekend Baku Fintech", World E-Commerce Eurasia 2019 Baku Forum" tədbirləri daxildir.

 


Create Account



Log In Your Account