Dec 03 2019 11:34
Elshad Aliyev
Views: 296

Dekabrın 3-də Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini - 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb.

“İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır”, - deyə nazir vurğulayıb.

R.Quluzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır. Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hazırda ölkəmizdə idarəetmədə informasiya texnologiyalarının və innovasiyaların tətbiqi genişləndirilir.

Struktur islahatlarının iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıldığını deyən nazir ölkəmizdə yeni innovasiya ekosisteminin yaradıldığını diqqətə çatdırıb.

O vurğulayıb ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq dövlət başçımız tərəfindən “Hökumət buludu” Konsepsiyası təsdiq edilib. Bu konsepsiya ölkəmizdə dövlət idarəçiliyində və digər fəaliyyət sahələrində bulud texnologiyalarının tətbiqi üçün geniş imkanlar yaradır.

R.Quluzadə “Bakutel 2019” yubiley sərgisinin hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.

Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) baş katibi Haulin Zao yubiley sərginin fəaliyyətini yüksək qiymətlindirib, Azərbaycanda son illər İKT sahəsində həyata keçirilən islahatları təqdir edib.

O, sərgidə nümayiş olunan Azərbaycan startaplarının məhsullarını maraqla qarşılayıb.

H.Zao sentyabrda Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” devizi ilə Bakıda “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının keçirildiyini xatırladıb. O bildirib ki, gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın paytaxtı Hanoyda keçiriləcək. Azərbaycanı sərgidə iştirak üçün dəvət edilib.

“Caspian Event Organisers” şirkətinin rəhbəri Edvard Stron isə sərginin işinə uğurlar arzulayıb.

Sərginin açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar və ziyarətçilər sərginin pavilyonları ilə tanış olublar.


Create Account



Log In Your Account