Apr 25 2017 12:10
Naile Hesenova
Views: 660

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu işə başlayıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış mərasimindən öncə Forumun iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, heykəli önünə əklil və gül dəstələri qoymuşlar.

Forumun ilk iclasını açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Forumun müasir Azərbaycanın banisi və neft strategiyasının təşəbbüskarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmasının Ulu Öndərin şəxsiyyətinə və fəaliyyətinə hörmət və ehtiramın təzahürü olduğunu bildirib, Forum iştirakçılarını və qonaqları salamlayaraq tədbirin müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələr yaradılmasına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacağını vurğulayıb.

Forumun açılış mərasimində iştirakçılara müraciət edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda və yanacaq-enerji kompleksinin inkişafında əvəzsiz rolu olduğunu qeyd edib, neft strategiyasının uğurlarından bəhs edərək Forumun işinə uğurlar diləyib.

Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyevin hazırki dövrdə dünyanın enerji xəritəsi, Azərbaycanın enerji siyasətinin uğurları və perspektivləri haqqında məlumat verib, Ulu öndər Heydər Əliyevlə Azərbaycanın neft strategiyasının reallaşdırılmasında iştirak etdiyindən qürur hissi keçirdiyini bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi altında logistika, neft emalı və neft-kimya sahələrində həyata keçirilən möhtəşəm layihələrin perspektivlərini açıqlayıb, Azərbaycanın Avropa ölkələrin enerji təhlükəsizliyindəki rolunu vurğulayıb.

SOCAR-ın fəaliyyəti və planları haqqında şirkətin Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə geniş məruzə təqdim edib. Məruzədə Azərbaycanda neft hasilatının tarixi, Azərbaycan neftinin keçmiş SSRİ-nin iqtisadiyyatının inkişafinda və Böyük Vətən Müharibəsində qələbənin təmin olunmasında rolu, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin şəxsi nüfuzu hesabına ötən əsrin 90-cı illərində dünyanın aparıcı neft şirkətlərinin Azərbaycana qoyduqları investisiyalar hesabına yanacaq-enerji inkişafının təmin olunması, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsi nəticəsində SOCAR-ın biznes fəaliyyətinin ölkənin hüdudlarından kənarda genişləndiyi, yaxın perspektivləri haqqında məlumatlar yer alıb. Akademik Xoşbəxt Yusifzadə Forum iştirakçıları ilə Ulu Öndərlə birgə çalışdiğı illər haqqında xatirələrini bölüşüb.

“Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev öz çıxışında Azərbaycanın neft-kimya sahəsinin inkişafının strateji xəttini açıqlayıb, hazırda bu sahədə həyata keçirilən layihələrin perspektivləri haqqında Forum iştirakçılarını məlumatlandırıb, Forumun açılışı münasibəti ilə iştirakçılara təbriklərini çatdırıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov Xəzər regionunda ən möhtəşəm logistika mərkəzinin fəaliyyəti və inkişaf konsepsiyası haqqında fikirlərini bölüşərək, yeni yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorununun inkişafına və yükdaşımaların ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyi barədə məlumat verib.

Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsinin müdiri Əsgər Aslanov, SOCAR Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Confidence Capital Ltd” şirkətinin baş direktoru Andrey Rudenko da iştirak ediblər.

Forumun birinci sessiyası Azərbaycanın neft-qaz strategiyasına və neft-kimya sahəsinin inkişaf tendensiyalarına həsr olunub. SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov “Azərbaycanın neft-qaz strategiyası” mövzusunda, “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov “Azərbaycanın neft emalı və neft-kimya sənayesində yeni layihələrin reallaşdırılması” mövzusunda, SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar idarəsinin Neft və neft məhsullarının ixrac əməliyyatlar şöbəsinin rəis müavini Kamran Məmmədzadə “Azərbaycan – emal, satış və ixrac” mövzusunda, “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “BP şirkətinin Azərbaycanda fəaliyyət planları” mövzusunda və “Platts” agentliyinin baş redaktoru Nik Koulman “Avroasiyada dəyişən enerji landşaftında Azərbaycanın rolu və perspektivləri mövzusunda məruzələr təqdim ediblər.

Forumun “Qlobal neft-qaz bazarına, Xəzər və Mərkəzi Asiya bazarına baxış” sessiyasında Beynəlxalq Enerji Agentliyinin MDB və Xəzər regionu üzrə Proqram siyasəti meneceri Taliya Vatman, “Xaznah Strategiyaları”nın idarəedici partnyoru Pyotr Kaznaçeyev, “Tomson Reuters”in baş redaktoru Aleksandr Yerşov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC- nin sədrinin müavini Fərhad Quliyev, məruzələri təqdim edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti, nəqli və emalı məsələləri üzrə cari vəziyyətin və inkişaf perspektivlərinin təhlil edilməsidir. Tədbir zamanı sözügedən regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici biznes axını və neft limanları, boru xətləri və dəmir yolları daxil olmaqla maddi-texniki infrastrukturu barədə təqdimatlar ediləcək və müzakirələr aparılacaqdır.

Forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və strukturların bölümlərin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edirlər. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən artıq iştirakçılar - neftin və qazın hasilatı, emalı, logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qoşulacaqlar. Forum öz işini 3 gün ərzində 7 sessiyada müxtəlif mövzular üzrə davam etdirəcək.

 


Create Account



Log In Your Account