May 22 2017 23:00
Naile Hesenova
Views: 1160

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün davam edən yarışlar əsl idman və həmrəylik bayramına çevrildi, bir çox maraqlı məqamlar və parlaq qələbələrlə yadda qaldı. Cəmi 10 gün əvvəl Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən təntənəli açılış mərasiminin ardından ötən axşam möhtəşəm bağlanış mərasimi keçirilib
Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu.
Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurub. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanıblar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.
Açılış mərasimində tamaşaçıları prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser hərarətlə salamlayırlar.
Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən stadiona gətirilərək, Kral Filarmonik Orkestrinin ifasında səsləndirilən dövlət himnimizin sədaları altında dirəyə qaldırılır. Stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayır.

İdmançıların paradı başlayır. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil olurlar.

Paradda yarışlarda iştirak edən Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən və Azərbaycan idmançıları iştirak ediblər.
Paradı ev sahibi olan Azərbaycan atletləri tamamlayır. Tamaşaçılar Oyunlarda möhtəşəm qələbə qazanmış idmançılarımızı ayaq üstə, sürəkli alqışlarla salamlayırlar. Bu mərasim “Amarok” qrupunun ifasında “Naxçıvan halayı” ilə müşayiət olunur.
Stadiondakı ekranlarda 10 günün unudulmaz anları, idman yarışlarından epizodlar nümayiş etdirilir. Biz inanılmaz bacarıq, mübarizlik və sevinc anlarını seyr edirik. Yarışların sevincli və kədərli anları da oldu. Bununla belə, son nəticədə dostluq qalib gəldi.
Diqqət yenidən monitorlara yönəlir. Stadionda Azad Vəliyevin “Yeni Gün” mahnısı səslənir. Ekranlarda təxminən 8000 könüllünün Oyunların uğurla keçirilməsinə verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunur.
Səmada işıq saçan aypara görünür və səhnə üzərində hərəkət edir. Aktyorlar qlobusu saxlayan əlləri və sülh rəmzi olan göyərçini formalaşdırır.
“Həmrəylik ruhu” adlı bu səhnədə aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında işlədilən, alov mənasını daşıyan buta fiqurlarını yaradırlar.

Aypara səhnənin mərkəzinə doğru hərəkət edir. Səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandırır. Onlar fəvvarəyə çevrilən su sinisini dövrəyə alırlar. Əllidən çox İslam ölkəsinin qovuşan suları gözəl fəvvarəyə çevrilir və ayparaya doğru yüksəlir. Su yüksəldikcə Aydan parıltılı konfetti düşür. Bu axşam Bakı İslamiadanın birlik və həmrəylik ruhunu dünya ilə bölüşür. Natiq ritm qrupunun ifasında “Qarabağ” mahnısının sədaları stadiona yayılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunur.

Müstəqil Azərbaycanın növbəti beynəlxalq qələbəsi – IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edən və təşəkkürünü bildirən Mehriban Əliyeva deyir: Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı.

İdmançıları nailiyyətləri münasibətilə təbrik edən və İslam aləminin tamaşaçılarına verdiyi sevincə görə onlara təşəkkürünü çatdıran Təşkilat Komitəsinin sədri ümidvar olduğunu bildirir ki, atletlər Bakıdan bütün həyatları boyu unutmayacaqları ən xoş xatirələrlə ayrılacaqlar.

Azərbaycan komandasının ümumilikdə 162, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, xalqımızı bir daha fərəhləndirdiyini vurğulayan Mehriban Əliyeva idmançılarımıza müraciətlə deyir ki, onların fədakarlığı və ustalığı həmvətənlərimizi ilhamlandırır və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək.

“Lakin son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”, - deyə Birinci vitse-prezident bildirir.

Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu qeyd edən Mehriban Əliyeva onları İslamiadanın geniş qəlbi adlandırır və gördükləri işlərə görə hər birinə minnətdarlığını ifadə edir.

“Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”, - deyən Təşkilat Komitəsinin sədri IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edir.
Mikrofon önünə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser keçir. O vurğulayır ki, bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu.

Faisal Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə “Bakı-2017”yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirir.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi çıxışını bu sözlərlə tamamlayır: “Dörd ildən sonra “İstanbul 2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”
Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirilir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endirirlər.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edir.

Bu səhnələr Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi, Rövşən Əsgərzadənin “Qəhrəmanlıq uvertürası” ilə müşayiət olunur.

Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirilir və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırılır.

Daha sonra tədbir konsert proqramı ilə davam edir.
Tünzalə Ağayevanın ifasında “Sürət – 2017 Azərbaycan Qran-Prisi” mahnısı səslənir. İfa zamanı 30 səhnə iştirakçısı Bakı şəhər halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs edir.

Müğənni “Birlik” konsertini “Bakı-2017” könüllülərinə həsr olunmuş “Salam Bakı” himni və “Mən Azərbaycanlıyam” mahnısı ilə yekunlaşdırır.

Yaddaşlarda dərin iz qoyan, tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatır.

 


Create Account



Log In Your Account