Dec 18 2017 16:00
Naile Hesenova
Views: 531

Məqsədimiz Azərbaycanda idmanın inkişaf etdirilməsi və idmanın kütləviliyinin təmin olunmasıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir: "Onu da qeyd etməliyəm ki, bu il ikinci dəfə olaraq Bakıda “Formula-1” yarışı keçirilmişdir. Ümumi rəyə görə, - bu, artıq xarici mətbuatda da qeyd olunub, - 20 yarışın arasında bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub. Yəni, bu da bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bir çox “Formula-1” yarışlarından fərqli olaraq bizim yarışımız şəhər yarışıdır və bu, eyni zamanda, bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz və 2017-ci ilin 11 ayında isə daha 20 faiz artmışdır. Əlbəttə, bunun səbəbləri təkcə “Formula-1” yarışı deyil, Azərbaycanda gedən inkişaf, sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, müasir infrastruktur, şəhərimizin gözəlliyi, müasir otellər, viza rejiminin sadələşdirilməsidir. Eyni zamanda, hesab edirəm ki, “Formula-1” ölkəmizin təbliğatı üçün nadir bir yarışdır. Yəni, beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izləyir və bir daha demək istəyirəm ki, Bakının gözəlliyini, Azərbaycanın qüdrətini görür.

Beləliklə, təkcə sadaladığım bu hadisələr, bu qələbələr deməyə əsas verir ki, Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər".

İlham Əliyev qeyd edib ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir: "Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılmışdır. Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik. Bu günə qədər bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılmışdır ki, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır.

Əlbəttə, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Əminəm ki, idmançılarımız bizi beynəlxalq yarışlarda bundan sonra da sevindirəcəklər. Bütün bu uğurların səbəbləri aydındır. İdmana dövlət dəstəyi, idmançılarımıza qayğı göstərilir. İdmanla məşğul olan bütün qurumlar – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vurur. Yəni, bizim məqsədimiz Azərbaycanda idmanın inkişaf etdirilməsidir, Azərbaycanın dünyada güclü idman dövləti kimi tanıtdırılmasıdır və idmanın kütləviliyinin təmin olunmasıdır. Regional Olimpiya mərkəzlərinin tikintisinin səbəbi də məhz budur ki, idman kütləvi xarakter alsın".

 


Create Account



Log In Your Account