Dec 04 2019 14:59
Elshad Aliyev
Views: 79

Dekabrın 4-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının birgə iştirakı ilə keçirilən konfransda “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər. Həmkarlar ittifaqlarının reaksiyası mühümdür” mövzusu müzakirə olunur.

Azərbaycan və Türkmənistan xalqları arasında dostluq və qardaşlıq əlaqələrindən danışan AHİK sədrinin birinci müavini İlyas Əliyev Dayanıqlı İnkişaf Məqsədlərindən birinin məhz iqlim dəyişikliyinə yönəldiyini bildirib. O deyib ki, bu məqsəd iqlim dəyişikliyi və onun təsirlərinə qarşı təcili tədbirlər görülməsini tələb edir. AHİK Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mövcud olan bütün imkanlardan istifadə etməyə çalışır. 2018-2019-cu illər üçün bağlanmış Baş Kollektiv Sazişin “Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik” bölməsində iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına diqqətin artırılmasını vacib sayır, işçilərin sağlamlığının qorunmasını prioritet vəzifələrdən hesab edir.

Bildirilib ki, AHİK-in V Qurultayından irəli gələn vəzifələr çərçivəsində ekoloji mədəniyyətin əsasları artıq 10 ildən artıqdır Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil kurslarında həmkarlar ittifaqları fəallarına öyrədilir. Azərbaycanda “yaşıl iqtisadiyyat”ın yaradılması üçün əlverişli şərait var və ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır, ətraf mühitim qorunması prinsiplərinə əməl olunur.

Vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında yaranmış dostluq və qardaşlıq əlaqələri hər iki ölkənin həmkarlar ittifaqı birlikləri arasında da əməkdaşlığın yaradılması zərurətini meydana çıxarıb. Biz türkmənistanlı qardaşlarımızla bütün beynəlxalq təşkilatlarda, tədbirlərdə həmrəy olmaq niyyətindəyik. İnanırıq ki, Türkmənistan həmkarlar ittifaqları Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasında da, MDB ölkələrinin həmkarlar ittifaqları birliyində də bizimlə bir yerdə olacaqlar.

Konfransda çıxış edən BƏT-in Avropa bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Türkmənistan Dövlət Müəssisələri İşçiləri Həmkarlar İttifaqının sədri Beqens Bayramov və BƏT-in Azərbaycandakı milli koordinatoru Yaşar Həmzəyev iqlim dəyişikliyi, ətraf mühit və təhlükəsizliyin qorunması, əmək münasibətləri barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, iki gün davam edəcək konfransda “BƏT-in yüzillik sessiyasının nəticə və tövsiyələri”, “BƏT-in 144 saylı Konvensiyası beynəlxalq əmək standartlarının milli səviyyədə inkişaf etdirmək üçün səmərəli vasitə kimi”, “Yaşıl iş yerləri”, “Milli vəziyyət- məşğulluq-enerji-ətraf mühit” və digər mövzularda müzakirələr aparılacaq.


Create Account



Log In Your Account