Apr 28 2017 11:22
Naile Hesenova
Views: 827

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu öz işini yekunlaşdırıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Forumun yeddinci sessiyası Xəzər regionunun neft emalı və neft-kimya sahələrinin icmalına həsr olunub. SOCAR-ın Karbamid Zavodunun direktoru Xəyal Cəfərov “Karbamid zavodunun Azərbaycanda vəzifələri və perspektivləri” mövzusunda, “Azərkimya” İstehsalat Birliyinin Modernizasiya və yenidənqurma şöbəsinin rəisinin müavini Fəzail Yusifov “Azərbaycanın neft-kimya sənayesi-perspektivlər və vəzifələr” mövzusunda, SOCAR-ın Emal layihələrinin idarə edilməsi şöbəsinin böyük mühəndisi Mətin Rəhimov “Azərbaycanın neft emalı və neft-kimya sahələrinin mövcud vəziyyəti və perspektivləri” mövzusunda, “Caspian Barrel” Neft Tədqiqatları Mərkəzinin direktoru İlham Şabanov “Xəzər regionunun neft emalı və neft-kimya sənaye sahələrinin təfsilatlı təhlili” mövzusunda, “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev “Metanolun istehsalı texnologiyası” mövzusunda və Emerson LLC şirkətinin Türkiyə və Cənubi Xəzər üzrə baş menecer Burak Gürkan “Göstəricilər üzrə ilk 25%-ın tərkibində necə olmalı. Plantweb rəqəmsal ekosistem” mövzusunda məruzələr təqdim ediblər.

Forumun “Səmərəliliyin artırılması üçün ən yeni texnologiyalar” sessiyasında MDB ölkələrində biznesin inkişafının rəhbəri Mixail Babkin “Rekuperasiya qurğusunun müasir texnologiyaları” mövzusunda və Pentair Valves&Controls şirkətinin regional meneceri Farux Oznur Çelikkol “Neft emalı və neft-kimya zavodlarında təhlükəsizliyin və səmərəliliyin artırılması üçün müasir klapanlar və kompleks idarəetmə sistemləri» mövzusunda məruzələr təqdim ediblər.

Qeyd edək ki, Forumda 150-dən artıq iştirakçılar - Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və strukturların bölümlərin rəhbərləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak ediblər.

 


Create Account



Log In Your Account