Mar 12 2020 14:40
Elshad Aliyev
Views: 42

Martın 25-29-da Bakıda karate üzrə böyüklər arasında 55-ci və Para-Karate üzrə növbəti Avropa çempionatına qatılacaq ölkələrin sayı açıqlanıb. 

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışa 50-dən artıq ölkədən idmançının qatılması gözlənilsə də, dünyada məlum pandemiya səbəbindən 43 ölkədən 460 idmançının, para-karate çempionatında isə 6 ölkədən 33 nəfərin iştirak edəcəyi rəsmiləşib. 

Qitənin ən güclülərindən olan İtaliya millinin də 8 idmançı ilə Avropa çempionatına gələcəyi də son anda dəqiqləşib. 

Avropa Karate Federasiyasının (EKF) Təşkilat komitəsinin sədri Esteban Perez bildirib ki, qeydiyyat müddətinin bitməsinə baxmayaraq, məlum gərginliklə əlaqədar yarışöncəsi Azərbaycana gələn komandalar qeydiyyata salınacaq. Qitə çempionatında iştirak edəcək EKF və ölkə federasiyalarının rəsmiləri, həmçinin bir sıra komandaların heyəti “Boulevard Hotel”də, əksəriyyət komandalar isə Atletlər kəndində məskunlaşacaqlar.

Dövlət dəstəyi sayəsində qarşıdakı nüfuzlu yarışın yüksək səviyyədə keçiriləcəyini bildirən AMKF prezidenti Yaşar Bəşirov, Avropa çempionatına hazırlıq işlərinin plan üzrə getdiyini və yarışın təxirə salınması, eləcə də tribunalarda azarkeşsiz keçməsi üçün rəsmi göstəriş olmadığını bildirib: “Biz bu yarışa ciddi hazırlaşırıq, üstümüzə üçqat məsuliyyət düşür. Avropa medalları qazanmaqla yanaşı, qitə çempionatını idman ölkəsi olan Azərbaycanın adına layiq təşkil etməli, həm də olimpiya lisenziya yarışı səviyyəsində keçirməliyik. Bu işlərdə dəstək verən ölkənin ali idman qurumlarına minnətdarlığımızı bildirir və bizə olan ümidlərin doğrulması üçün əlimizdən gələni edirik”. 

Qeyd edək ki, Milli Gimnastika Arenasında 5 gün ərzində 4 tatamidə keçiriləcək mötəbər yarışı 4-ü azərbaycanlı olmaqla, 120-dək beynəlxalq hakim idarə edəcək. 


Create Account



Log In Your Account