Jan 31 2020 17:52
Ferah Sabirqizi
Views: 1529

İngiltərəli rejissor Sem Mendesin “1917” bədii filmi Azərbaycan tamaşaçılarına təqdim olunub. “Park Cinema Flame Towers”də filmin qapalı nümayişi keçirilib. Maraqlı təqdimatla yadda qalan tədbirdə Birinci Dünya müharibəsinin atmosferi yaradılıb.

“Oskar” mükafatlı Sem Mendesi kinosevərlər “Skayfoll”, “Amerikansayağı gözəllik”, “Dəhşətli nağıllar” filmlərindən tanıyır. Onun ötən il ekranlaşdırdığı “1917” filmi Birinci Dünya müharibəsindən bəhs edir. Filmin süjeti döyüş meydanlarında vuruşan iki britaniyalı əsgərin həyatının bir günü ətrafında qurulub. Baş qəhrəmanlar cəbhəyə təcili bir məktub çatdırmalıdır. Əgər məktubu vaxtında çatdıra bilməsələr, 1600 nəfər əsgər düşmən tərəfindən əhatəyə alınacaq...

Əsas sloqanı “Zaman – bizim əsas düşmənimizdir!” olan filmdə baş rollarda Corc Makkey (“Çağırış”, “Oğlanlar qayıdır”, “Kapitan Fantastik”) və Din-Çarlz Çepmen (“Kişi ol”, “Sərnişin”, “Kral”) çəkilib. Polkovnik Makkenzin obrazını isə Benedikt Kamberbetç canlandırıb.

Qeyd edək ki, “1917” Amerika və Avropa tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. “Qızıl Qlobus” mükafatına iki nominasiyada (“Ən yaxşı dram filmi” və “Ən yaxşı rejissor”) qalib gələn film hazırda “Oskar”ın əsas favoriti sayılır. Azərbaycan tamaşaçıları bu filmə IMAX formatında ancaq “Park Cinema Flame Towers”də baxa bilər.

 


Create Account



Log In Your Account