Feb 28 2019 12:34
Ferah Sabirqizi
Views: 657

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və  SOCAR-Foster Wheeler (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov arasında Anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri, tələbələr, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin direktor müavini Mario Castellano, İnsan resursları üzrə menecer Lali Əlizadə, mühəndislik üzrə menecer müavini Adil Abbasov, SOCAR-ın İnsan resursları məsləhətçisi Elnur Şıxəliyev və başqaları iştirak ediblər.

Anlaşma Memorandumunun məqsədi BANM-da yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin planlaşdırılmasından ibarətdir. Memorandum Ali Məktəbin tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakını, şirkətin mütəxəssisləri tərəfindən tələbələr üçün mühazirələr və master klasslar keçirilməsini, məzunlar üçün karyera imkanlarının yaradılmasını və digər əməkdaşlıq  istiqamətlərini özündə birləşdirir.

Mərasimdə çıxış edən rektor Elmar Qasımov bildirib ki Ali Məktəbin bir neçə məzunu artıq SOCAR FW-də çalışır, bu memorandumun imzalanması isə şirkətlə Ali Məktəbin əməkdaşlıq istiqamətini daha da genişləndirəcək.

SOCAR (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov rəhbərli etdiyi şirkətin gənc kadrlara və onların inkişafına böyük önəm verdiyini bildirib. Daha sonra o şirkətin tarixi, məqsədi, fəaliyyət istiqamətləri və üzərində çalışdığı layihələr haqqında BANM kollektivi qarşısında prezentasiya  ilə çıxış edib, şirkətin partnyorları haqqında danışarkən onlar arasında həm yerli, həm xarici şirkətlərin olduğunu bildirib.

Daha sonra mühəndislik üzrə menecer müavini Adil Abbasov H.Əliyev adına Neft Emalı Zavodunun (NEZ) tarixi və fəaliyyət istiqamətləri, ölkənin neft emalı və neft-kimya sənayesinin yenidənqurma layihələri və eləcə də bu sahədə marketinq araşdırmaları , NEZ-in İnsan resursları şöbəsinin rəis müavini Elmir Məmmədov isə 4-cü və 5-ci kurs tələbələrinə kadr seçimi və hazırlığı, davamçıların yetişdirilməsi və layihələrin yeni kadrlarla təmin edilmə kriteriyaları haqqında təqdimatla çıxış ediblər.

Qeyd edək ki, SOCAR - FW Mühəndislik Xidmətləri birgə müəssisəsi neft emalı, neft-kimya və ətraf mühit layihələrində mühəndislik, satınalma və tikintiyə nəzarət və layihənin idarəedilməsi xidmətləri göstərir.


Create Account



Log In Your Account