Aug 03 2020 12:03
Elshad Aliyev
Views: 66

2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 460,0 milyon manat və ya 3,4% çox, qeyri-neft sektorunun gəlirləri isə 470,5 milyon manat və ya 4,4% azalır.

APA-Economics” bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasınını Qanun layihəsinə istinadən xəbər verir.

Neft sektoru üzrə dürüstləşdirilmiş büdcə gəlirlərinin 87,2%-ni və ya 12 200,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,8 %-ni və ya 1 790,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1 240,0 milyon manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 550,0 milyon manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 69,3 və 30,7%-ni təşkil edir.

Qeyri-neft sektoru üzrə dürüstləşdirilmiş büdcə gəlirlərinin 53,3%-ni və ya 5400,0 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 37,8%-ni və ya 3830,0 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 8,9%-ni və ya 904,0 milyon manatını isə digər gəlirlər təşkil edir. 

Bildirək ki, 2020-ci ilə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58,0 %-i və ya 13 990,0 milyon manatı neft sektorunun, 42,0%-i və ya 10 134,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.

2020-ci ildə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 12 200,0 milyon manatı və ya 50,6%-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 7 190,0 milyon manatı və ya 29,8 %-i Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 3 830,0 milyon manatı və ya 15,9%-i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 804,0 milyon manatı və ya 3,3%-i büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 100,0 milyon manatı və ya 0,4%-i isə sair gəlirlərin payına düşür. 

Qeyd edək ki, layihəyə əsasən, dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 124,0 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27 492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608,0 milyon manat artırılaraq 3 368,2 milyon manat təşkil edəcək.

 


Create Account



Log In Your Account