Dec 09 2019 11:41
Elshad Aliyev
Views: 225

Muxtar respublikada müxtəlif sığorta növlərinin geniş yayılması baş verən gözlənilməz hadisələr zamanı sığortalı vətəndaşlara dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə imkan yaradır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sığorta işinin təşkili məsələləri ilə bağlı keçirilən tədbirdə ətraflı danışılıb.

Maliyyə nazirinin müavini Həsən İsmayılov tədbirdə çıxış edərək, sığortanın müasir cəmiyyət həyatındakı rolundan və dövlət maliyyə siyasətinin həyata keçirilməsində onun əhəmiyyətindən danışıb. Qeyd edib ki, inkişaf etmiş və yüksək göstəricilərə malik dünya ölkələrində dövlət maliyyə sisteminin inkişafında sığorta sahəsi də mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında bildirib ki, muxtar respublikada sosial-iqtisadi inkişafın sürətlənməsi ilə sığortaya maraq artmaqdadır. Eyni zamanda insanların həyatı, sağlamlığı və əmlakının qorunması üçün zəruri tədbirlər görülsə də, qaçılması mümkün olmayan hadisələrdən zərər dəyməsi hər zaman baş verə bilər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında sığorta işinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ölkəmizdə qüvvədə olan qanunlara əsasən icbari və könüllü sığorta növləri üzrə bir sıra işlər aparılmaqdadır. Bu baxımdan sığortanın müasir tələblərə uyğun qurulması işində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə verilmiş tapşırıqların mühüm əhəmiyyəti olub. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Dövlət Baş Sığorta Agentliyi qarşısında sığorta işinin təkmilləşdirilməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsinin genişləndirilməsi, insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması üzrə qoyulan tapşırıqların icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, dövlət büdcəsindən maliyyələşən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödənilir.

İştirakçıların diqqətinə sığorta ödənişlərinin verilməsi sahəsində qanunvericiliyin tələbləri də çatdırılıb. Bildirilib ki, dövlət müəssisələrində çalışanlar kollektiv üzvlərini maarifləndirmək və ünsiyyətdə olduğu vətəndaşları sığortanın əhəmiyyəti barədə məlumatlandırmaqla onlara köməklik göstərmiş olurlar.

Tədbirdə büdcə təşkilatlarında işləyən şəxslərin könüllü sığortalara cəlb olunmasının əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, yaradılmış şəraitdən istifadə etməklə sığorta işinin səmərəliliyinin artırılması üçün maarifləndirmə və təbliğat işlərinə geniş yer verilməli, bu barədə muxtar respublikanın hər bir vətəndaşı sığortanın əhəmiyyəti barədə məlumatlandırılmalıdır.


Create Account



Log In Your Account