Dec 18 2019 14:23
Elshad Aliyev
Views: 155

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunan “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev görkəmli ərəbşünas alimin ömür yolu və elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1933-37-ci illərdə Nəriman Nərimanov adına Sənaye Texnikumunda, 1937-41-ci ilərdə isə Azərbaycan Pedaqoji İnstitutunun Alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov 1941-ci ildə Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilib və 1944-cü ildə Moskva Şərqşünaslıq Universitetinin Ərəb dili üzrə hərbi şöbəsini bitirib. 1945-ci ildə SSRİ Xarici İşlər Nazirliyində referent kimi fəaliyyətə başlayıb, baş referent vəzifəsinə yüksəlib. Savadlı alman dili mütəxəssisi kimi Nürenberq prosesində tərcüməçi kimi fəaliyyət göstərib.

Elçin Babayev qeyd edib ki, 1947-ci ildən sonra Ələsgər Məmmədovun həyatı BDU ilə bağlı olub. O, burada aspirantlıqdan müəllim, dosent, professor vəzifələrinə qədər yüksəlib, dekan seçilib, yaratdığı Ərəb dili kafedrasının uzun illər müdiri olub.

Tədbirdə ərəbşünas alimin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov “Azərbaycanda müasir ərəbşünaslığın banisi” mövzusunda məruzə edib. Ələsgər Məmmədovun onlarla elmi məqalənin, orta və ali məktəblər üçün Azərbaycan və rus dillərində yazılan 30-dan çox ərəb dili dərsliyinin müəllifi olduğunu deyən Elxan Əzizov elmi və metodoloji cəhətdən yüksək səviyyəyə malik bu dərsliklərdən nəinki Azərbaycanda, eyni zamanda, Dağıstan, Tatarıstan, Orta Asiya respublikaları və digər şərqşünaslıq mərkəzlərində istifadə olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Unudulmaz pedaqoq” mövzusunda məruzəsi dinlənilib. O, Ələsgər Məmmədovla bağlı xatirələrini bölüşüb.

Professor Aida Qasımovanın “İmruu-Qeysin bir qitəsində əfsanə, tarix və Azərbaycanla səsləşən məqam” mövzusunda məruzəsindən sonra konfrans bölmə iclasları ilə davan edib.

İki gün davam edəcək konfransın “Ərəb dilçiliyi”, “Türk dilçiliyi”, “Ərəb ədəbiyyatı”, “Fars ədəbiyyatı”, “Türk ədəbiyyatı”, “Uzaq Şərq dilçiliyi və ədəbiyyatşünaslığı”, “Tarix və beynəlxalq münasibətlər”, “Sosial elmlər” bölmələrində ümumilikdə 134 məruzə dinləniləcək.


Create Account



Log In Your Account