May 07 2020 15:26
Elshad Aliyev
Views: 69

Belarus hökuməti ABŞ neftini respublikaya Polşa ərazisi ilə çatdırmağı mümkün hesab edir. "APA-Economics"in "BelTA"ya istinadən verdiyi məlumata görə, bu barədə Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy bildirib.

Onun sözlərinə görə, bu məsələnin müzakirəsi Polşa ərazisindəki koronavirus səbəbindən tətbiq olunan karantin aradan qaldırıldıqdan sonra aktivləşəcək.

"Düşünürəm ki, Polşada karantin bitdikdən sonra bu mövzu daha fəal müzakirə olunmağa başlayacaq", - deyə D. Krutoy qeyd edib.

Onun sözlərinə görə, Belarus alternativ neft tədarükünün genişləndirməsi istiqamətində işləri davam etdirir və bu istiqamətdə Səudiyyə Ərəbistanı və ABŞ-la əməkdaşlığın perspektivli olduğunu hesab edir.

"Neft aldığımız bütün ölkələrlə (Azərbaycan və Norveç nefti – red.) və yeni tərəfdaşlarımız olan Səudiyyə Ərəbistanı və ABŞ-la əməkdaşlıq davam etdiriləcək. Əlbəttə, bu tədarüklər üçün ən əlverişli şərtlərə nail olmağa çalışacağıq", - deyə D. Krutoy əlavə edib.

Qeyd edək ki, SOCAR bu ilin əvvəlindən Belarusa 3,83 mln. barel həcmində neft göndərib. Belə ki, ilin əvvəlindən SOCAR Belarusa 2,05 mln. barel Azərbaycan nefti göndərib. Bununla yanaşı, ötən dövr şirkət sözügedən ölkəyə 1,78 mln. ton həcmində üçüncü istehsalçıların neftini göndərib.

Xatırladaq ki, Belarus tərəfi bu il SOCAR-dan 1 mln. ton həcmində neft almaq niyyətindədir.


Create Account



Log In Your Account