Sep 07 2017 13:21
Ferah Sabirqizi
Views: 774

“Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimi keçirilib. 2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi akkreditasiya sahəsində standartlara, normalara və proseslərə dair Avropa İttifaqının təcrübəsinə uyğun olaraq, akkreditasiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət  Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Tvinninq layihəsi nəticəsində milli akkreditasiya sistemi daha da təkmilləşdiriləcək, personalın bilik və bacarıqlarının artırılması kimi vacib məsələlər öz həllini tapacaq. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda qəbul edilən standartların təxminən 40 faizi Avropada tanınır. Ölkədə tətbiq edilən yeni standartlar Avropa standartlarına tamamilə uyğunlaşdırılıb. Bir sıra köhnə standartlar da təkmilləşdirilərək, Avropa və beynəlxalq standarlarla unifikasiya edilir. Ramiz Həsənov Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı məsələyə də toxunub. Deyib ki, yanacaqdoldurma məntəqələrində istehlakçılara təklif olunan benzinin keyfiyyəti ilə bağlı ciddi şikayətlər yoxdur.

“Təbii ki, ara-sıra müraciətlər olur və biz yoxlayırıq. O da ki, texniki səbəblərdən irəli gələn məsələlərdir. Bizdə benzin artıq "Avro-4" və "Avro-5" standartlarının tələblərinə uyğun idxal olunur. “Premium” deyilən benzindir. Köhnə istehsal edilən avtomobillərə o benzin vurularkən, müəyyən problemlər yaradır. Amma bu sahədə real problem yoxdur”.


Create Account



Log In Your Account