Apr 30 2020 16:35
Elshad Aliyev
Views: 150

Malayziyanın nüfuzlu BERNAMA agentliyi aprelin 30-da “Azərbaycan Prezidenti iqtisadiyyata və insanların rifahına xüsusi əhəmiyyət verir” adlı geniş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, ingilis dilində dərc edilən həmin məqalə “EurAsiaAz” Beynəlxalq ekspert klubunun direktoru, “Vzglyad.az” saytının baş redaktoru Seymur Məmmədovun “China Daily” qəzetində yayılmış “Azərbaycan iqtisadiyyatı koronavirus infeksiyası və neft böhranının öhdəsindən gələ biləcəkmi?” adlı yazısı əsasında hazırlanıb.

Məqalədə Azərbaycanda iqtisadiyyatın COVID-19 pandemiyası və azalan neft qiymətləri fonunda yaranan böhranın öhdəsindən gələ bilməsi üçün görülən işlərdən geniş söz açılır. Qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının nə dərəcədə möhkəm dayaqlar üzərində bərqərar olduğunu nümayiş etdirən amillərdən biri ümumi daxili məhsulun (ÜDM) cari ilin ilk 3 ayında 1,1 faiz, qeyri-neft sektorunun isə 3,5 faiz artımıdır. Eyni zamanda, həmin dövrdə ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatında 3,7 faiz, yük daşımalarında isə 7,2 faiz artım əldə olunub. Vurğulanır ki, Azərbaycanın cari böhrandan minimal itkilərlə çıxması üçün çox böyük “təhlükəsizlik yastığı”na malikdir. Həmçinin dövlət borcu da çox aşağı səviyyədədir.

Məqalənin müəllifi qeyd edir ki, bu böhran şəraitində Azərbaycan maliyyə yardımı üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etməyib. Halbuki 150-dən çox ölkə BVF-ə və ya Dünya Bankına yardım göstərilməsi məqsədilə xahiş ünvanlayıb. Kifayət qədər maliyyə ehtiyatlarına malik olan Azərbaycan iqtisadiyyatın inkişafını, onun qismən ləngiyən sahələrini irəlilətmək üçün lazım olan addımları atır.

Məqalədə bildirilir ki, əsasən neft və qaz istehsalçısı kimi tanınan Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm işlər görülüb və bu proses bu gün də uğurla davam etdirilir. Belə ki, artıq pambıq əkini başlanıb. Tütün, şəkər çuğunduru, tərəvəz, kartofun da əkini vaxtında həyata keçiriləcək.

Qeyd edilir ki, Prezident İlham Əliyev kənd təsərrüfatında fermerlərin dəstəklənməsi və COVID-19-un təsirini minimuma endirmək üçün lazım olan bütün addımları atıb və aprelin 14-də dövlət başçısı tərəfindən imzalanmış müvafiq Sərəncam buna bariz nümunədir.

Məqalədə xüsusi olaraq vurğulanır ki, böhran şəraitində Azərbaycanın qazandığı uğurların kökündə 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra dövlət idarəçiliyinin bütün qollarında aparılan əsaslı islahatlar mühüm rol oynayıb.

Müəllif qeyd edir ki, Azərbaycanın hətta bütün dünyanı bürümüş böhran şəraitində inkişafı və digər ölkələrə nisbətən daha az ziyan görməsi Prezident İlham Əliyevin yorulmaz əməyinin, qətiyyətli iradəsinin və xalqın mənafeyini ardıcıl şəkildə qorumasının nəticəsində mümkün olub.

Qeyd edək ki, Malayziyanın ən nüfuzlu rəsmi mətbuat orqanı olan BERNAMA agentliyi 1967-ci ildə təsis edilib və 1968-ci ildən fasiləsiz fəaliyyət göstərir. Yalnız Malayziyada deyil, eyni zamanda, Cənub-Şərqi Asiya regionunda aparıcı xəbər istehsalçılarından olan BERNAMA-nın materiallarına çoxsaylı yerli, regional və beynəlxalq kütləvi informasiya vasitələrində tez-tez istinadlar edilir.

BERNAMA ilə AZƏRTAC arasında həm ikitərəfli formatda, həm də beynəlxalq xəbər alyansları çərçivəsində sıx əməkdaşlıq var.


Create Account



Log In Your Account