Apr 02 2020 16:01
Elshad Aliyev
Views: 144

Malayziyanın aparıcı informasiya agentliyi olan BERNAMA Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazilərində keçirilən seçkilər barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “seçkilər” beynəlxalq hüququn pozulmasıdır” sərlövhəli yazıda Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) həmin saxta “seçkilər” barədə bəyanatının şərhi öz əksini tapıb.

Şərhdə qeyd olunur ki, ərazilərin Ermənistan tərəfindən işğalının və orada etnik təmizləmənin davam etdiyi bir vaxtda bölgədə qondarma “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin tam pozulmasıdır. Həmçinin BMT Nizamnaməsini, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini açıq şəkildə pozan bu “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil.

Bildirilir ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və bunun nəticəsində ərazilərinin işğalını davamlı olaraq qətiyyətlə pisləyir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni işğalçı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da məsələ ilə bağlı oxşar mövqe nümayiş etdiriblər.

Bəyanatda Dağlıq Qarabağ regionunda seçkilərin yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçiriləməsinin mümkünlüyü xüsusi vurğulanıb. Qeyd edilib ki, burada seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yurdlarına qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün ola bilər.

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin işğalı həll yolu deyil və saxta “seçkilər”in təşkili də daxil olmaqla baş vermiş faktı qəbul etdirmək cəhdi nə Ermənistanın arzuladığı siyasi nəticəyə heç vaxt gətirib çıxarmayacaq, nə də bu ölkə üçün heç bir müsbət perspektiv vəd etməyəcək. Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq.

Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə informasiyalar da öz əksini tapıb. Qeyd edilib ki, bu münaqişə 1988-ci ildə - keçmiş SSRİ-nin dağılmasından üç il əvvəl Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlayıb. 1992-ci ildə keçmiş SSRİ-nin iki respublikası arasında başlanan müharibə nəticəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla 20 faiz ərazisini işğal edib. Bu ərazilərin hamısı beynəlxalq ictimaiyyət, o cümlədən Malayziya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır.


Create Account



Log In Your Account