Dec 28 2018 11:00
Ferah Sabirqizi
Views: 204

Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmi də var idi.

Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaqdır. Ona maraq tezliklə sönəcəkdir. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.

Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışlar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda milli kino günü hər il avqustun 2-də qeyd edilir. Bu il Azərbaycan kinosunun yaranmasının 120 ili tamam olur. Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu il 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.

 


Create Account



Log In Your Account