Mar 30 2020 16:16
Elshad Aliyev
Views: 70

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq terror əleyhinə koalisiya martın 30-da ölkənin şimalında Suriya ilə sərhəddə yerləşən Naynava əyalətindəki qərargahını İraq ordusuna təhvil verib. Həmin əyalətinin administrativ mərkəzi bir zamanlar İŞİD qruplaşmasının paytaxt elan etdiyi Mosul şəhəridir.

AZƏRTAC Baghdad Al Youm portalına istinadla xəbər verir ki, koalisiya qüvvələri qərargahı xarici qüvvələrin İraqın bəzi bölgələrindən çıxarılması prosesi çərçivəsində tərk edib. Eyni zamanda, amerikalı hərbçilər İraq Kürdüstanının Ərbil şəhəri yaxınlığında yeni bazanın tikintisini sürətlə davam etdirirlər. Tikinti başa çatdıqdan sonra o, Yaxın Şərqdəki ən iri hərbi bazalardan biri olacaq.

Martın 29-da Beynəlxalq koalisiya ölkənin şimalında yerləşən Kərkük əyalətindəki aviabazanın İraq ordusuna təhvil verildiyini elan etmişdi. Martın 26-da isə xarici kontingent Mosul yaxınlığında yerləşən Əl-Kiyara bazasından təxliyə olunmuşdu. Beynəlxalq koalisiyanın nümayəndəsi polkovnik Vinsent Parkerin sözlərinə görə, İraq ərazisindəki bazaların yerli təhlükəsizlik qüvvələrinə təhvil verilməsi əvvəlcədən planlaşdırılıb və nə bazaya edilən hücumlarla, nə də İraqda koronavirusun yayılması ilə bağlı yaranan vəziyyətlə əlaqəli deyil.


Create Account



Log In Your Account