Sep 08 2018 14:20
Ferah Sabirqizi
Views: 111

Özbəkistanda Şəhrisəbz Beynəlxalq Muğam Forumu davam edir. CBC-nin Şəhrisəbzə ezam olunmuş əməkdaşı Vəfa Şəhlayi xəbər verir ki, forumun növbəti günündə mükafata iddialı 9 ölkə təmsilçisi çıxış edib.

Forumda Belçika nümayəndələri də iştirak edir. Belçikanın muğam müsabiqəsində təmsil olunması ilk baxışdan qeyri-adi görünsə də, “La-məkan” qrupunun özünəməxsus ideyası var. Belçika təmsilçisi Ridvan Aydınlı bildirir ki, muğam müxtəlif xalqları birləşdirən ilahi musiqidir.

“Bizim qrupumuz fərqli insanlardan, fərqli ölkələrdən ibarətdir. Qrupun yaradıcısı belçikalı olduğu üçün biz Belçika adından çıxış edirik, amma mən özüm türkəm, Türkiyədə, İstanbulda yaşayıram. Başqa bir türk dostumuz Almaniyada yaşayır, ordan gəldi. Üç nəfər belçikalı, bir nəfər də fransız. Yəni, bu, Belçika musiqisi və ya başqa bir şey deyil, klassik türk musiqisini çalmağa çalışan fərqli millətlərdən ibarət bir qrupdur. Biz də türk olduğumuz üçün öz vətənimizin musiqisini ifa etməyə çalışırıq”.

Festivalda tamaşaçı marağına səbəb olan ifalardan biri Pakistanın “Qavvali” qrupu oldu. Qədim sufi musiqisini müasir formada təqdim edən qrupun arzularından biri Azərbaycanda səhnəyə çıxmaqdır.
Ppakistan təmsilçisi Asif Ali Xan Santu deyir ki, Youtube-da Azərbaycan musiqisinə qulaq asıb: “Çox gözəl musiqidir.

Mən dünya musiqilərini öyrənirəm, rok, pop, klassik, qavalli musiqisi və deyə bilərəm Azərbaycan musiqisi çox gözəldir .Azərbaycan məni dəvət etsə, böyük məmmuniyyətlə bütün qrupla gələrəm, Azərbaycanda çıxış etməyə ümid edirəm”.
Müsabiqəyə Türkiyənin Ardahan bölgəsindən qatılan musiqiçilər genişmiqyaslı forumdan yaxşı nəticə gözlədiklərini deyirlər. Qrup üzvlərinin çoxu Ardahan universitetinin müəllimlərindən ibarətdir.

Özbəkistanda daha əvvəl Səmərqənddə Şərq Təranələri adlı festival keçirilib. Artıq musiqi sahəsində kifayət qədər nüfuzu olan bu yarışda azərbaycanlı ifaçılar dəfələrlə qalib və mükafatçısı olub. Lakin ölkə prezidenti Şərq Təranələri festivalı ilə kifayətənməyib.

Təşkilat komitəsinin nümayəndəsi Aida İbrahimova bildirir ki, bu festivalın təşkili ölkə prezidentimizin şəxsi təşəbbüsüdür: “O, özü də ifa edir, oxuyur, bu işlərdən yaxşı anlayır. O, böyük Əmir Teymurun şəhərini seçdi, bu onun doğma şəhəridir. Biz istəyirik ki, Şəhrisəbz də bütün dünyada tanınsın, amma bu dəfə klassik-xalq musiqisi festivalı ilə”.
Şəhrisəbz beynəlxalq muğam forumunda dünyanın 70-ə yaxın ölkəsindən musiqiçi və alim iştirak edir. 30 ölkənin təmsilçisi mükafatlar uğrunda mübarizə aparır. Digər musiqiçilər isə forumda müsabiqədən kənar  çıxış edəcəklər. 

 


Create Account



Log In Your Account