Jun 29 2020 14:53
Elshad Aliyev
Views: 89

Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına ədəbiyyat institutunun təşkilatçılığı ilə “Məhtimqulu və Türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə beynəlxalq və ictimai təşkilatların rəhbərləri, diplomatlar, elmi və yaradıcı ziyalıların nümayəndələri iştirak etdilər.

Konfransda fəxri qonaq qismində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva da çıxış etdi.
Öz çıxışında G.Əfəndiyeva bildirdi ki, hal-hazırda ölkələrimizin, xalqlarımızın, bütün dünyanın çətin sınaqdan keçməsinə, çox ciddi problemlə - insan həyatına təhlükə ilə üzləşməsinə baxmayaraq, Türkmən ədəbiyyatının klassikı Məhtimqulu Fəraqiyə həsr olunmuş tədbir belə formatda olsa da yenə də keçirilir, çünki mədəniyyətimiz, incəsənətimiz, türk dəyərlərimiz  heç bir xəstəliyə məğlub ola bilməz, biz bu dəyərləri qoruyub saxlamalıyıq.

Günay Əfəndiyeva bizi birləşdirən dəyərlərin tarixdən bu günədək yaşadılmasını qeyd edərək, müasir zamanda da, pandemiya şəraitində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə türkdilli ölkələrin dövlət başçılarının bu il aprel ayında bir araya gəlməsi, onların Türk Şurasının Fövqəladə Zirvə İclasında iştirak etməsi, müzakirələrin aparılması, birgə həmrəyliyin sərgilənməsi mövcud olan qardaşlıq və dostluğun bir daha təsdiqlənməsini vurğuladı.

Fondun prezidenti, Məhtimqulu Fəraqinin şəxsiyyəti və yaradıcılığı haqqında bəhs etdi: “Məhtimqulu türkmənlərin yalnız ədəbiyyatında deyil, ictimai və milli şüurunda müstəsna yer tutan sənətkarıdır. Türk Dünyasının nəhəng klassiklərindən Əhməd Yasəvinin, Yunus Əmrənin fəlsəfi hissləri ilə bəhrələnən Məhtimqulu, ictimai ədəbi əxlaqı, milli təəsübkeşliyi ilə Türkmən poeziyasında yeni epoxa açmışdır”.

G.Əfəndiyeva  şairin yaradıcılığının tamamilə ümumtürk milli təfəkkürünə malik olduğunu, onun şeirlerinin tək bir kökdən – türk kökündən boy atmasından irəli gəlməsini qeyd etdi.

Fondun prezidenti mütəfəkkirin yaradıcılığının qorunmasına diqqət çəkərək, böyük ədibin dəyərli irsinin öyrənilməsi, tətqiqi, nəşri türkdilli ölkələr arasında ədəbi - mədəni əlaqalərinin inkişafında və türk mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıdığını qeyd etdi. O, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının nəhəngləri” adlı şeir antologiyası hazırlandığı haqqında məlumat verərək, Məhtimqulunun şeirlərinin də bu kitabda yer aldigini nəzərə çatdırdı.

Sonda Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünyamızı Qoruyaq: Türk Dünyasının Adət - Ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsi haqqında bəhs edərək, Türkmənistanın bu müsabiqədə aktiv iştirak etdiyini və üç türkmən məktəblilərin yüksək yer qazandıqlarını bildirdi. Bununla bağlı konfransın sonunda Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri Məkan İşanquliyev Günay Əfəndiyevaya ayrıca təşəkkürünü bildirdi.


Create Account



Log In Your Account