Apr 05 2017 15:00
Ulviyye Sabirqizi
Views: 1388

Sabahdan Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi başlayacaq. 

Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, aprelin 6-dan 8-dək davam edəcək sərgidə dünyanın 20 ölkəsindən 272 şirkət bir araya gələcək. 90-dan artıq müxtəlif xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları yenidən ziyarətçilərə təqdim ediləcək. 

Sərgidə 17 milli və regional stend təmsil olunur. Kolumbuya, Kuba və bir sıra digər ölkələrin şirkətləri sərgidə ilk dəfə iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, turizm ölkə iqtisadiyyatının perspektivli sahələrindən biridir. 2016-cı ildə Azərbaycanı 2 milyon 242 min 783 turist ziyarət edib. Bu da 2015-ci ilin göstəricisi ilə müqayisədə 11,7% çoxdur. Onun sözlərinə görə, əsasən, ərəb ölkələri, İran və Rusiyadan gələn turistlərin sayı çoxalıb. Viza rejiminin sadələşdirilməsi bu sayın artmasına təkan verən əsas səbəbdir: “Novruz bayramı ərəfəsində də bu artım oldu. Son iki ildə demək olar ki, bu artım başlayıb. Bu “Asan Viza” təşkil olunandan sonra daha da rahat olub. Biz indi sərhədlərdə işlər aparırıq, müxtəlif müvafiq dövlət qurumları ilə birlikdə, İran turistləri quru yolla daha rahat gəlsinlər Azərbaycana”.

Aydın İsmiyevin sözlərinə görə, bu il aprel ayının sonunadək Azərbaycanda otellərdəki yerlərin 80-85 faizi artıq bronlaşdırılıb. Hətta turistlərin sayının artması ilə əlaqədar son zamanlarda yer çatışmazlığı problemi də ortaya çıxıb: “Artıq Bakida 25 hostel, 92 apartament fəaliyyət göstərir. Bütün dünyada bu hostellər də var, apartamentlər də. Həmçinin 2-3 ulduzlu mehmanxanaların tikilməsi priotet bir məsələdir nazirlik üçün. Biz sahibkarlarla da görüşəndə həmişə bu məsələni ortaya çıxarırıq ki, artıq 2-3 ulduzlu mehmanxanaların tikilməsinə üstünlük verilsin”.  

Mədəniyyət və turizm nazirliyinin şöbə müdiri bildirib ki, ayrı-ayrı şəxslər də evlərini apartament və hostellər kimi turistlərə icarəyə verirlər. Hazırda otellərin fəaliyyəti üçün dövlət standartları olsa da, hostel və apartamentlər üçün belə standartlar yoxdur. Amma belə obyektlərin sayı çoxalarsa, gələcəkdə onlar üçün də standartların hazırlanması istisna edilmir.

 

 


Create Account



Log In Your Account