Mar 12 2020 15:09
Elshad Aliyev
Views: 94

“Bakı Fond Birjasında (BFB) qiymətli kağızların listinqə daxil olması, listinqdə saxlanması delistinqi və ticarətinin təşkili Qaydaları”nın  (Listinq Qaydaları), o cümlədən “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”nın (Ticarət Qaydaları) yeni layihəsi 11 mart 2020-ci il tarixində qüvvəyə minib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, Listinq Qaydalarına edilən dəyişikliklər nəticəsində beynəlxalq təcrübəyə uyğun bazar seqmentlərinin formalaşdırılması və listinqə daxil edilmə proseslərinin optimallaşdırılması təmin edilib. Belə ki, səhm və istiqrazların listinqi üzrə 2 seqment müəyyən edilib (əsas və standart bazar seqmentləri), eyni zamanda alternativ bazar seqmenti ləğv edilib. BFB ilə listinq müqaviləsi olmayan və qiymətli kağızları aktiv ticarət olunmayan emitentlər delistinq edilərək listinqdən kənarlaşdırılmış və listinqdə yalnız likvid qiymətli kağızlar saxlanıb. Bu yanaşma gələcəkdə səhmlərlə birja indeksinin formalaşdırılmasına və səhmlərə əsaslanan törəmə maliyyə alətlərinin yaranmasına dəstək olacaq. Bu da öz növbəsində uzunmüddətli perspektivdə həm listinqdə olan qiymətli kağızların sayının və bazar kapitalizasiyasının artmasına, habelə real sektora maliyyələşmə imkanı təqdim edən effektiv fond birjasının formalaşmasına dəstək olacaq.

Listinq Qaydalarına edilən dəyişikliklər nəticəsində qiymətli kağızların Bakı Fond Birjasında listinqə daxil edilmədən ticarətinin təşkili mümkün olacaq. Bu, qeyri-listinq siyahısında olan qiymətli kağızlarla ticarətin və qapalı yerləşdirmələrin daha sürətli və sadə şəkildə təşkilinə imkan verəcək.

Bununla yanaşı, qabaqcıl fond birjalarında oxşar təcrübələr nəzərə alınmaqla Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılan qiymətli kağızların fond birjası vasitəsilə yerləşdirilməsi prosedurları sadələşdirilib.

Listinq və Ticarət Qaydaları ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://bfb.az/qayda-ve-telimatlar/.


Create Account



Log In Your Account