Dec 25 2019 12:03
Elshad Aliyev
Views: 107

Builki bələdiyyə seçkilərində namizədliyini irəli sürən gənclər fəallıq göstərdilər. Obyektiv və yüksək səviyyədə keçirilən seçkilərdə dairələr üzrə istedadlı və savadlı gənclər bələdiyyə üzvü seçildilər. Paytaxt və bölgələrdə kifayət qədər aktiv seçki təbliğatı aparıldı. Bu da bir daha göstərdi ki, gənclər ölkədəki islahatlar kursundan ruhlanaraq bu addımı atıblar. Çoxsaylı gənc bələdiyyə sistemində təmsil olunmaq üçün seçkilərdə fəallıq nümayiş etdirdilər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.

Seçilən gənc bələdiyyə üzvlərinin bundan sonra daha təkmil formada fəaliyyət göstərəcəklərini söyləyən T.İsmayılov bildirib ki, builki seçkilərə həm cəmiyyətin, həm ictimai şəxslərin, həm də media və sosial şəbəkələrin böyük maraq və diqqəti olub. Nəticədə, bələdiyyə seçkiləri üçün kifayət qədər seçici fəallığı və ictimai maraq özünü göstərib.

Politoloq vurğulayıb ki, bələdiyyə seçkiləri maksimum demokratik və şəffaf həyata keçirilib: “Mərkəzi Seçki Komissiyasının (MSK) həm seçkidən öncə, həm seçki günü, həm də seçkidən sonrakı operativliyi və hansısa şikayətlərə təcili reaksiyası da təqdir olunandır. Seçkiləri yerli və xarici müşahidəçilər izləyirdi. MSK əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də mütəmadi maarifləndirmə proqramı təşkil etdi. Bələdiyyə seçkilərində iştirakçılara eyni imkanlar yaradılması, seçicilərin öz hüquqlarından tam maneəsiz və sərbəst istifadə etmələri və beləliklə, səsvermənin azad, ədalətli və şəffaf keçirilməsi üçün geniş iş aparıldı və bütün addımlar atıldı. Yerli və beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər aşkarlıq institutlarının seçki prosesi boyunca azad və sərbəst fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradıldı. Seçkilərdə bütün digər vasitələrlə yanaşı, ən son innovativ nailiyyətlərdən səmərəli istifadə olunması səsvermə günü prosesləri əvvəldən axıradək fasiləsiz izləməyə, arasıkəsilmədən müşahidə aparmağa və şəffaflığın daha geniş miqyasda təmin edilməsinə imkan verdi”.

T.İsmayılov söyləyib ki, seçki məntəqələrində səsvermə günü proseslərinin birbaşa izlənilməsi üçün bütün ölkə coğrafiyasını əhatə edən min seçki məntəqəsində (bələdiyyə seçkiləri keçirilən məntəqələrin təqribən 20 faizində) quraşdırılan veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanları təmin olunub. Veb-kameralar seçki günü internet istifadəçilərinə istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb olunmadan səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini fasiləsiz müşahidə imkanı verib.

Fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində daha böyük seçici fəallığının olacağını qeyd edən politoloq söyləyib ki, qanunverici orqana seçkilər daha böyük maraq və seçici fəallığı ilə müşahidə olunacaq.

 

 


Create Account



Log In Your Account