Apr 13 2020 18:17
Elshad Aliyev
Views: 176

Aprelin 13-də Mədəniyyət naziri Əbülfəs Qarayev respublikanın aparıcı kitabxanaları və bir sıra şəhər və rayonlardakı kitabxanaların fəaliyyəti ilə bağlı video-konfrans keçirib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, konfransda kitabxana fondlarının rəqəmsallaşdırılması, elektron xidmətlərin göstərilməsi, onlayn oxucu sifarişlərinin təmin edilməsi və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması kimi məsələlər müzakirə olunub.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin məsul əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şəhər (rayon) MKS-lərin direktorları video-konfransda iştirak ediblər.

Ə.Qarayev bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, video-dərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən danışıb. Bildirib ki, yaranmış vəziyyətdə Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslər, eləcə də göstərilən digər elektron mədəni xidmətlər daha da genişləndirilməlidir.

Nazir hazırkı şəraitdə kitabxanaların elektron xidmətlərin daha da yaxşılaşdırılması üçün  bu sahədə qabaqcıl dünya təcrübəsinin tətbiqinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, kitabxanaya üzv olan hər bir şəxsin əlaqə vasitələri götürülməli, onların elektron poçtlarına kitabxanaya daxil olan yeni kitablar, həm də digər yeniliklərlə bağlı mütəmadi olaraq məlumatlar göndərilməlidir. Bu iş eyni zamanda sosial şəbəkələr üzərindən də davam etdrilməlidir.

V.Əliyev çıxış edərək kitabxanaların fəaliyyətinin daha da gücləndirilməsi və günün tələbələrinə uyğun olaraq elektron xidmətlərin keyfiyyətinin daha da artırılmasının vacibliyindən danışıb. Bildirib ki, bu sahənin inkişafının təmin olunması və ortaya çıxan məsələlərin operativ həll olunması, təcrübə mübadiləsinin aparılması üçün gələcəkdə də belə video-konfransların davam etdirilməsi məqsədəuyğundur.

Daha sonra çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi C.Məlikov, Milli Kitabxananın direktoru K.Tahirov, Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova və başqaları mövcud vəziyyətdə kitabxanaların fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində həyata keçirilən tədbirləri qeyd ediblər.

Ə.Qarayev sonda bir daha çıxış edərək ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Bildirib ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır.

Nazir hazırkı dövrdə mədəniyyət sahəsinin də üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayaraq göstərilən mədəni xidmətlərin daha da inkişaf etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, ölkədə koronavirus infeksiyası səbəbindən tətbiq edilən sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir. Mədəniyyət Nazirliyi Aparatında, nazirliyin tabe təşkilatları və idarələrində, aparıcı mədəniyyət müəssisələrində fəaliyyət video-konfans rejimində tənzimlənir.


Create Account



Log In Your Account