May 22 2020 11:09
Elshad Aliyev
Views: 40

Birləşmiş Millətlər Təşkilatı COVID-19 ilə əlaqədar artmaqda olan dezinformasiyaya qarşı mübarizə aparmaq üçün etibarlı, dəqiq məlumatların həcmini çoxaltmaqla “Verified” (Yoxlanmış) adlı qlobal kampaniyaya başlayıb.

AZƏRTAC xəbər verir ki, təşəbbüsü təqdim edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib: "Virtual məkanlarımızı yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməliyik. Dezinformasiya onlayn məkanda, ünsiyyət proqramları və insanların bir-birinə ötürməsi nəticəsində geniş yayılmaqdadır. Bu kimi məlumatların müəllifləri, cəlbedici məhsullardan və yayma metodlarından istifadə edirlər. Buna qarşı mübarizə aparmaq üçün alimlər və Birləşmiş Millətlər Təşkilatı kimi təsisatlar insanları etibarlı və dəqiq məlumatlarla təmin etməlidirlər”.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin idarə etdiyi “Verified” təşəbbüsü üç mövzu ətrafında məlumat verəcək: həyatları xilas etmək üçün - elm; yerli və qlobal əməkdaşlığı təşviq etmək üçün – həmrəylik; və təsirə məruz qalmış əhaliyə dəstək olmaq üçün – həllər. Təşəbbüs, həmçinin iqlim böhranının həllinə, eləcə də yoxsulluq, bərabərsizlik və aclığın səbəblərini aradan qaldırmağa yönələn bərpa proqramlarını da təşviq edəcək.

Təşəbbüs dünyadakı insanları, onların ailələri və icmalarını düzgün informasiya ilə təmin etmək üçün əsaslandırılmış məzmun paylaşmaq istiqamətində "informasiya könüllüləri" olmağa çağırır. Rəqəmsal məkanda qabaqcıl rol oynayan könüllülərə hər gün səhv məlumatı birbaşa təkzib edən, ya da informasiya boşluğunu dolduran və sosial media üçün uyğunlaşdırılmış, habelə məzmun baxımından yoxlanılmış xəbərlər göndəriləcək.

Qlobal Kommunikasiyalar Departamenti COVID-19-la əlaqəli nifrət və zərərli ifadələrin kökünü kəsmək üçün sosial media platformaları ilə işləyəcək, eləcə də etibarlı məzmunu yaymaq üçün BMT agentlikləri, BMT-nin ölkə üzrə idarə heyətləri, ictimai rəyə təsir gücünə malik insanlar, vətəndaş cəmiyyəti, biznes və media təşkilatları ilə tərəfdaşlıq edəcək.

“Bir çox ölkələrdə rəqəmsal kanallar üzərindən yayılan yanlış məlumatlar ictimai səhiyyə tədbirlərinə mane olur və iğtişaşların ehtimalını artırır. Böhrandan şovinizm meyillərini artırmaq və ya azlıq qruplarını hədəfləmək üçün istifadə etmək cəhdlərinə dair daxil olan məlumatlar narahatlıq doğurur. Belə hallar cəmiyyətlərdəki gərginlik böyüdükcə və iqtisadi və sosial çətinliklər artdıqca daha da dərinləşə bilər”, - deyə Baş katibin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq qeyd edib.

Təşəbbüs dünyanın aparıcı sosial səfərbərlik təşkilatlarından biri olan “Purpose” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Təşəbbüsü IKEA Fondu və “Luminate” də dəstəkləyir.

 


Create Account



Log In Your Account