Jan 06 2020 16:29
Elshad Aliyev
Views: 1220

Birləşmiş Millətlər Təşkilatının Liviyaya Dəstək Missiyası bu ölkənin paytaxtı Tripolidə hərbi akademiyaya aviasiya zərbələrini kəskin pisləyib.

AZƏRTAC xəbər verir ki, hava hücumu nəticəsində azı 30 nəfər həlak olub, daha 30 nəfər yaralanıb. Hücum baş verən anda akademiyanın kadetləri Tripolinin cənub hissəsində keçirilən parada getməyə hazırlaşırmış.

Liviyaya Dəstək Missiyasının nümayəndələri bildiriblər: “Xəlifə Haftarın rəhbərlik etdiyi qondarma Liviya milli ordusunun qüvvələri aprel ayından bəri Tripolini mühasirədə saxlayırlar. Haftar müxalifətin Tobrukdakı administrasiyası ilə əlbirdir. Bu administrasiya BMT tərəfindən dəstəklənən Milli Birlik Hökumətinə və müttəfiqlərin paytaxtda yerləşən qüvvələrinə qarşı çıxış edir”.

Bəyanatda qeyd edilir ki, hərbi əməliyyatların bu cür təhlükəli şəkildə genişlənməsi Liviyada vəziyyəti mürəkkəbləşdirir və siyasi prosesə təhlükə yaradır.

Xatırladaq ki, qondarma Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar 2019-cu il aprelin 4-də öz bölmələrinə ölkənin paytaxtı Tripoliyə hücuma başlamaq barədə əmr verib. Dekabrın 12-də Xəlifə Haftar Tripolinin mərkəzinə hücum edildiyini bildirib. Hazırda Liviyada ikihakimiyyətlilik davam edir. Ölkənin qərbində, paytaxt Tripolidə BMT-nin dəstəyi ilə yaradılmış Milli Birlik Hökuməti fəaliyyət göstərir.

2018-ci ilin noyabr ayında Türkiyə Liviya hökuməti ilə hərbi əməkdaşlıq barədə memorandum imzalayıb. Bu sənədə əsasən, əgər Liviya hökuməti müvafiq sorğu ilə müraciət edərsə, Ankara Liviyada öz hərbi təlimatçılarını və silahlarını yerləşdirə biləcək.


Create Account



Log In Your Account