May 15 2020 13:04
Elshad Aliyev
Views: 68

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj 15 may – Beynəlxalq Ailə Günü münasibətilə pandemiya dövründə yaşlıların hüquqlarının və rifahının qorunması mövzusuna həsr edilmiş müraciətlə çıxış edib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a təqdim olunan “Pandemiya şəraitində yaşlı insanların hüquqları və rifahı qorunmalıdır” adlı müraciətdə deyilir: “Avropanın hər yerində, İspaniyadan Serbiyayadək yaşlı insanlar üçün qayğı evləri COVID-19 infeksiyasının tüğyan etdiyi qaynar nöqtələrə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Avropada koronavirus xəstəliyindən ölüm hallarının yarısı məhz uzunmüddətli qayğı müəssisələrinin sakinlərinin payına düşür.

Virusun bütün dünyada həyatları necə məhv etdiyini nəql edən ürəkdağlayan statistik göstəricilər arasında bu, olduqca mühüm bir rəqəmdir. Bu rəqəm gözlərimiz önündə baş verən, təsəvvürə sığmayacaq və eyni zamanda, ictimaiyyətin diqqətini hələ lazımi səviyyədə cəlb edə bilməmiş bir faciəyə işıq salır.

Yaşlı insanlar pandemiyanın özü ilə gətirdiyi fəsadlara daha çox məruz qalır. Onların koronavirusun səbəb ola biləcəyi ağır gedişatlı xəstəliyə tutulma riski daha yüksəkdir və bu xəstəlikdən ölüm hallarının təqribən 95 faizi 60 və yuxarı yaşlı insanlar arasında qeydə alınır. Koronavirus pandemiyasının özü ilə dünyanın yaşlı əhalisinin böyük hissəsinin yaşadığı Avropaya gətirdiyi məşum fəsadların səbəblərindən biri də məhz bununla bağlıdır. Mövcud şəraitdə yaşlı insanlar yalnız sağlamlıq riskləri ilə üzləşmirlər: virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən sosial təcrid tədbirləri də onların həyat və güzəranına qeyri-mütənasib təsir göstərir; belə ki, onlar etibar etdikləri və asılı olduqları bir sıra dəstək və qayğı xidmətlərindən də məhrum duruma düşürlər.

Qocalar evində yaşayan yaşlı insanlar həssas təbəqəyə aid olan əhali qrupuna daxildir. Son vaxtlar biz pandemiya üzündən həddən artıq yüklənmiş sosial xidmət təminatçıları tərəfindən göstərilə bilən minimal qayğının əhatəsində və çox vaxt ətrafında sevdikləri belə olmadan dünyasını dəyişən insanların ürəkağrıdan hekayələrini eşitməkdəyik. Eyni zamanda, bu ağır günlərdə bir çox yaşlı insan laqeydlik, yoxsulluq və sosial kənarlaşma şəraitində yaşamağa məcburdur və yəqin ki, bundan daha da məyusedicisi əksər hallarda onlara qarşı lazımsız bir yükə çevrilmələri ilə bağlı mənfi və həqiqətdən uzaq olan stereotip münasibətin təzahürü olardı.

Hazırda Avropa ölkələrinin əhalisi sürətlə qocaldığından – artıq hər dörd nəfərdən birinin yaşı 60 və daha çoxdur – oradakı cəmiyyətlər yaşlanan insanların sağlam olması və öz icmaları daxilində fəal həyat tərzi keçirə bilmələri istiqamətində səylər göstərir. Ümid edirəm ki, bu böhran və onun gətirdiyi fəsadlar cəmiyyətlərin yaşlı insanlara qarşı mövqeyində və davranışlarında olan mənfi ünsürlərin aradan qaldırılmasında dönüş nöqtəsi olacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu olaraq biz hökumətlər və vətəndaş cəmiyyətindəki tərəfdaşlarımızla pandemiya zamanı yaşlı insanlara dəstək olmaq üçün çalışırıq və bu, həm yaşlıların hüquqlarının qorunmasını, həm də onların yaşadıqları cəmiyyətlərə iklüzivliyinin təmin olunmasını ehtiva edir”.

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj hökumətlərin ata biləcəyi addımlar barədə də öz fikrini bildirib. “hazırda bir çox ölkələr pandemiya böhranını imkana çevirməyin yollarını aradığı söyləyən A.Armitaj hökumətlərin buna nail olmaq üçün ata biləcəyi 4 başlıca addıma diqqəti yönəldir.

Həmin addımlar aşağıdakılardı:

1. COVID-19-la mübarizədə yaşlı insanların müdafiəsi ilə bağlı tədbirləri prioritetləşdirmək. Buraya cəmiyyətə yaşlı insanların bərabər hüquq və imkanlara malik olmasını ehtiva edən mesajların ötürülməsini və bu yöndə öhdəliklərin sadəcə sözlərdən ibarət olmamasını bildirən qətiyyətli və cəsarətli mövqenin nümayiş etdirilməsini aid etmək olar. Xidmətlərin davamlılığının təmin edilməsi, qayğı göstərənlərə dəstək, təcrid vəziyyətində olan insanlara çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə böhranın təsirlərinin azaldılması istiqamətində atıla biləcək addımlardan sadəcə bir neçəsi ola bilər.

2. Yaşlı insanların səsini dinləmək. Böhranla mübarizə apararkən və gələcək üçün siyasi çərçivələr hazırlayarkən, biz həm də yaşlı insanların söylədiklərini dinləməliyik. Hər hansı qərəzli yanaşmadan yayınmaq və həqiqi ehtiyaclara cavab verən həll yolları ərsəyə gətirmək üçün icma nümayəndələri ilə ünsiyyət olduqca mühüm əhəmiyyət kəsb edir.

3. İctimai fikirdə və təcrübədə yaşa görə ayrı-seçkilik fenomeni ilə mübarizə. Hazırkı böhran dövründə daha da bariz şəkildə özünü göstərən yaşa görə ayrı-seçkilik və yaşlanma ilə bağlı arzuolunmaz stereotiplər cəmiyyətdə heç bir vəchlə qəbul edilməməlidir. İctimai rəydə nəsillərarası bağlılığa və yaşlı insanların verdiyi dəyərli töhfələrə söykənən ümumi dəstxətin təşviqi sosial norma və münasibətlərin dəyişdirilməsi üçün əsas ola bilər.

4. Qanunverici və hüquqi çərçivələrə yaşlanma prizmasından yenidən baxış. Artıq hökumətlər üçün böhrandan sonrakı dövrə baxmağın və yaşlanan əhalinin hüquqlarını və rifahını təmin edərkən sürətli demoqrafik dəyişikliklərin nəticələri ilə ayaqlaşa bilmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial rifah kimi sahələrdə zəruri olan təkmilləşdirmələri nəzərdən keçirməyin zamanı yetişib”.

Alanna Armitaj müraciətini belə bitirir: “Biz öz səhvlərimizdən nəticə çıxarmalı və yaşlı insanların da hüquqlarının tanındığı və dəstəkləndiyi bütün yaşlar üçün cəmiyyəti qurmalıyıq. Bu gün sürətlə yaşlanan Avropa əhalisinin dörddəbirinin sahib olduğu bütün bilikləri, təcrübəsi və bundan sonra verə biləcəyi töhfələrlə birlikdə kənarda qalmasına yol vermək olmaz. Yaşlıların bütün digər insanlarla bərabər hüquq və seçimlərə malik olmasını təmin etmək sadəcə mənəvi öhdəlik deyil, bütün nəsillərin rifahı baxımından əhəmiyyət kəsb edən mühüm çağırışdır”.


Create Account



Log In Your Account