Nov 01 2019 15:53
Elshad Aliyev
Views: 57

Bakıda “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda məcburi köçkünlərə yardımı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəsi Guido Ambroso bildirib ki, Ali Komissarlıq 1993-2000-ci illərdə Azərbaycandakı proqramların icrası və inzibati xərclərin ödənilməsinə 50 milyon dollara yaxın vəsait sərf edib: “2001-ci ildən BMT QAK öz fəaliyyətini daha çox qaçqın statusu almaq istəyən insanların potensialının artırılması və Əfqanıstan kimi üçüncü ölkələrdən gələnlərin vəziyyətinin yaxşılaşmasına yönəldib. Bununla yanaşı, BMT QAK həssas qrup olmasını nəzərə alaraq, məcburi köçkünlərlə işləməyə davam edir. Yaponiyanın "Fuçi optikal" təşkilatından il ərzində 2000-ə yaxın məcburi köçkün, qaçqın və həssas qrupa aid olan digər şəxslər eynək alır. 2005-2019-cu illərdə Yaponiyanın "Fuçi optikal" təşkilatı bu missiyanın Azərbaycanda keçirilməsi üçün 2,8 milyon dollar xərcləyib. Bu günə kimi 33800 nəfərin göz müayinəsi aparılıb, 57 min eynək və 434 qulaq aparatı verilib".

BMT QAK-ın nümayəndəsi bildirib ki, Azərbaycanda 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü zamanda 50 minə yaxın məhsəti türkü Gürcüstandan Mərkəzi Asiyaya köçürülürdü: "Azərbaycan hökuməti onları çox səxavətli şəkildə qəbul edib, biz buna görə çox təşəkkür edirik. Möcüzə idi ki, bu sayda köçkün əhalinin olmasına baxmayaraq, heç bir ciddi epidemiya və kəskin aclıq baş vermədi. Biz o vaxtlar insanları mövcud zavod, bina, düşərgə və hətta dəmir yolu vaqonlarında məskunlaşdırırdıq. 1993-94-cü illərdə BMT QAK 700 minə yaxın köçkünə düşərgə yaratmaq üçün çadır, eyni zamanda yataq dəstləri və digər ləvazimatlar verib. Eyni zamanda 30 min xəstəyə müxtəlif səhiyyə ləvazimatı çatdırıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin 4 qətnaməsi ilə bağlı dinləmələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb: “BMT-nin Bakıdakı nümayəndəlikləri ilə bununla bağlı fikir mübadiləsi aparmalıyıq. Vaxtilə qəbul edilmiş həmin qətnamələrin icra vəziyyətinin hazırda nə yerdə olduğunu və yaxud icra mexanizmini hansı istiqamətdə tapa biləcəyimizi müzakirə etməliyik". Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, məcburi köçkünlərin şəraiti yaxşılaşdırılmalıdır. Köçkünlərə maksimum dərəcədə yardımlar edilməlidir ki, onlar torpaqlarının itirilməsi ilə bağlı yaranmış stressdən azad ola bilsinlər: "Amma hamımız bilirik ki, bu, mümkün deyil. Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yüksək səviyyədə qəsəbələr salınsa, mənzillər tikilsə də, hələ də mənzil və digər problemləri olan köçkün təbəqəsi var. Münaqişədən sonra doğulan uşaqlar artıq 26-27 yaşındadırlar. Onlar bu mənzillərdə özlərini müvəqqəti yaşamış kimi hiss edirlər. Bu, özü də psixoloji bir gərginlikdir".

Tədbir çıxış və təqdimatlarla davam edib.


Create Account



Log In Your Account