Dec 24 2019 11:07
Elshad Aliyev
Views: 99

Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyi (FENA) “Əliyev - Azərbaycanı doğru yolla irəliyə aparan lider” adlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Bosniya və Herseqovinanın, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü professor Sabahudin Hadjialiçdir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsindən, liderlik keyfiyyətlərindən bəhs edilir. Bildirilir ki, hər bir ölkədə dövlətini və xalqını yaxşı gələcəyə aparan siyasi liderə ehtiyac var. Həmin şəxs milli lider kimi hakimiyyətin geniş ictimai bazasının maraqlarını birləşdirməyi bacarmalı, xalqın nəbzini tutmalıdır. Amma liderlik xüsusi keyfiyyətdir və heç də hər insan özündə bu keyfiyyəti formalaşdıra bilməz.

Ümumiyyətlə, dövlət başçısını liderə çevirən, ilk növbədə, onun zəkası, səriştəsi və fəaliyyət əzmidir. Dövlət başçısı yalnız o halda siyasi lider statusu əldə edir ki, xalqın ona ehtiyacı olsun, xalqın əksəriyyətinin ideyası və iradəsi konkret şəxsiyyətdə təcəssüm etsin, xalqın gözləntiləri bu şəxsiyyətdə əks olunsun. Xalq həmin şəxsiyyətə lider və dövlət başçısı mandatını yalnız o halda təqdim edə bilər ki, bu şəxsiyyət öz iradi, mənəvi, siyasi göstəricilərinə, təşkilatçılıq qabiliyyətinə, intellektinə və sağlamlığına görə onun ümidlərinə uyğundur.

Müəllif yazır ki, bəhs etdiyi liderlik xüsusiyyətləri Bosniya və Herseqovina ilə dost ölkə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqındadır: “Prezidentlik illərinə nəzər yetirdikdə belə qənaətə gəlmişəm ki, İlham Əliyevin şəxsiyyətində həm islahatçı, həm sabitlik, həm də daxili siyasi tarazlığın saxlanması amili cəmləşib. Ümumilikdə etiraf etmək lazımdır ki, İlham Əliyev nadir şəxsiyyətdir. Azərbaycan Avropa və Asiyanın, Qərb və Şərqin kəsişdiyi nöqtədə yerləşdiyi üçün bu ölkənin dövlət başçısı da hər iki qitənin və iki sivilizasiyanın dəyərlərini, ehtiyaclarını, mənəvi və milli keyfiyyətlərini özündə əxz etdirməlidir. İlham Əliyev bu xüsusiyyətlərə malik olduğu üçün çox spesifik bir regionda yerləşən ölkəyə artıq uzun illərdir məharətlə rəhbərlik edir, sabitlik, davamlılıq və inkişafın təminatçısı kimi çıxış edir”.

Qeyd edilir ki, Prezident İlham Əliyevin uzaqgörənliyi, ona xas olan enerji, nitqlərinin məntiqi, natiqlik qabiliyyəti və praktiki fəaliyyəti istənilən adamı valeh edir. Uzaqgörənlik yalnız böyük dövlət xadiminə və siyasi xadimə xasdır. Prezident İlham Əliyevin uzaqgörənliyi və həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan qlobal miqyasda dialoq, anlaşma, tolerantlığın yayılması kimi dəyərlərin şaxələndirilməsi və təşviqinə töhfə verən ölkə kimi qiymətləndirilib. O, müxtəlif beynəlxalq layihələrin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub, qədim İpək Yolunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP və TAP enerji layihələrinin, mədəniyyətlərarası dialoq platformasına çevrilmiş “Bakı Prosesi”nin, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Sivilizasiyalar Alyansının Qlobal Forumunun, habelə Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli” və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin təşəbbüskarı olan görkəmli siyasi liderlərdən biri kimi dünyada tanınır. İlham Əliyev dövlət başçılarının və beynəlxalq təşkilatların rəhbərlərinin hörmət və rəğbətini qazanıb. Bu mənada, müasir dövrün çağırışlarına baxmayaraq, Bakıda Rusiya və NATO danışıqlarının keçirilməsini göstərmək olar. 2011-ci ilin oktyabr ayında 155 ölkənin dəstəyi ilə Azərbaycan Respublikasının ilk dəfə BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsini, 2019-cu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü, habelə təşkilata sədrliyin Azərbaycana keçdiyini xatırlatmaq yuxarıda qeyd edilənlərə sübutdur.

Vurğulanır ki, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycan ilə Bosniya və Herseqovina arasında əməkdaşlığın inkişaf etdirilməsinə birbaşa töhfə verir. Bu xüsusda qeyd edilməlidir ki, Azərbaycan Respublikası tərəfindən edilən yardım, həyata keçirilmiş çoxsaylı layihələr, eləcə də 2014-cü ildə Bosniya və Herseqovinanın üzləşdiyi daşqınlardan sonra Prezident İlham Əliyevin göstərişi əsasında humanitar yardımın Bosniya və Herseqovinaya göndərilməsi yüksək qiymətləndirilir: “Ölkələrimiz arasında dostluğun əlaməti olaraq edilmiş bu yardıma görə bir daha Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyev Azərbaycan xalqını firavanlığa və tərəqqiyə aparan, Bosniya və Herseqovina ilə strateji tərəfdaşlığın təminatçısı olan liderdir.


Create Account



Log In Your Account