Apr 28 2020 18:07
Elshad Aliyev
Views: 149

ABŞ-ın Tennessi, Minnesota, Kolorado, Montana və Missisipi ştatlarında bəzi müəssisələrə bazar ertəsindən fəaliyyətini bərpa etməyə icazə verilib.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu ştatların administrasiyalarının fikrincə, pandemiya artıq təhlükəsiz mərhələyə çatıb.

Üç gün bundan əvvəl etiraz aksiyalarından sonra Corciya, Oklahoma, Texas, Alyaska və Cənubi Karolina ştatlarının administrasiyaları sənaye obyektlərinin və müəssisələrin ofislərinin fəaliyyətinin bərpasına icazə veriblər.

Tennessi ştatının bir çox yerlərində restoranlar yenidən açılıb. Lakin bu, təkcə kənd yerlərindəki müəssisələrin açılışına aiddir. Çünki Neşvill və Memfis kimi böyük şəhərlərin administrasiyası ictimai müəssisələrin fəaliyyətinin bərpası məsələsində tələsməməyə qərar veriblər. Yuxarıda adıçəkilən bütün ştatlarda pərakəndə mağazalar artıq gələn həftə işə düşəcək. Onlar müştərilərə qarşı yeni qaydalar tətbiq etməlidirlər: mağazalar yalnız məhdud sayda alıcını eyni vaxtda içəri buraxacaq, işçilər isə maska və əlcək taxmalı olacaqlar. Minnesotada 20 mindən artıq kiçik müəssisə yenidən fəaliyyətə başlayıb. Qubernator Tim Valtsın sərəncamına görə, ştatın 100 mindən çox sakininin işə qayıtmalarına icazə verilib.

Bazar ertəsi, həmçinin Floridada, o cümlədən ştatın əhalisinin sıx olduğu cənub-qərbi hissəsində bəzi çimərliklər açılıb. Bəzi tənqidçilər ştatların planı barədə kəskin rəy bildirərək, ictimai obyektlərin vaxtından əvvəl açılmasının ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyəti gərginləşdirə biləcəyini təsdiqləyiblər.

Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda indiyədək koronavirusun aşkarlanması məqsədilə 5,4 milyondan artıq test həyata keçirilib.


Create Account



Log In Your Account