Apr 30 2021 16:02
Elshad Aliyev
Views: 96

Braziliyada COVID-19 pandemiyası başlanandan 14 ay sonra koronavirusdan vəfat edənlərin sayı 401.186 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Braziliya COVID-19 infeksiyası səbəbindən ölənlərin sayına görə dünyada ikinci yeri tutur.

Braziliya hökumətinin məlumatına görə, son 24 saatda koronavirusla bağlı 3.074 ölüm faktı qeydə alınıb.

Ölkədə COVID-19-dan ilk ölüm faktı qeydə alınandan təqribən beş ay, daha dəqiq desək 149 gün sonra belə halların sayı ilk dəfə olaraq 100 mini aşmışdı. Rəsmi məlumata görə, o vaxtdan bu ölkədə koronavirus xəstəliyi səbəbindən ölüm hallarının sayı 4 dəfə artıb.

Cənubi Amerikanın bu ölkəsində aprel ayında ölüm səviyyəsi ən yüksək olub: son 29 gündə koronavirusdan ölənlərin sayı 79 mindən çoxdur.

Səhiyyə Nazirliyinin epidemioloji bülleteninin son buraxılışına görə əhalisi 212 milyon olan bu Cənubi Amerika ölkəsində son 24 saatda 69.079 yoluxma halı qeydə alınıb. Beləliklə, ölkədə yoluxanların ümumi sayı 14.661.965 nəfərə çatıb.

Ölkənin iri şəhərlərində hər gün ictimai nəqliyyatda çoxlu insan toplaşır, tibbi məhdudiyyət qaydalarına riayət edilmədən gizli məclislər və yığıncaqlar keçirilir. Bu səbəbdən pandemiya xeyli “cavanlaşıb”.


Create Account



Log In Your Account