Dec 19 2019 12:40
Elshad Aliyev
Views: 124

Bərdə rayonunda dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatıb. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün 93 və 94 sayı seçki dairələrinin tərkibinə daxil olan seçki məntəqələrdə lazımi şərait yaradılıb.

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə 26 bələdiyyəyə ümumilikdə 230 üzv seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 493 nəfərdir. Onlardan 230 nəfəri Yeni Azərbaycan Partiyasını, 17 nəfəri Ana Vətən, 1 nəfəri Böyük Quruluş Partiyasını təmsil edir. 245 nəfər namizədliyi öz təşəbbüsləri ilə irəli sürülüb. Seçki prosesini 538 müşahidəçi izləyəcək.

Komissiya sədri deyib ki, seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Məntəqə seçki komissiyalarının sədrləri, DSK-nın üzvləri üçün seminar-treninqlər keçirilib. Dairənin tərkibinə daxil olan 50 seçki məntəqəsi üzrə 44 min 215 seçici qeydə alınıb.

Dairənin tərkibinə daxil olan 1 saylı seçki məntəqəsi Bərdə şəhər 5 nömrəli tam orta məktəbin binasında yerləşir. Digər seçki məntəqələri kimi, bu məntəqədə də səsvermə gününə hazırlıq işləri başa çatıb. Məntəqə seçki komissiyasının sədri Xasay Əliyev bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən 1464 seçici qeydə alınıb. Onlardan 12 nəfəri seçkilərdə ilk dəfə iştirak edəcək gənclərdir. Məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi də başa çatdırılıb.

94 saylı Bərdə kənd seçki dairəsinin də tərkibinə daxil olan məntəqələrin hər biri səsvermə gününə tam hazır vəziyyətdədir. Dairə seçki komissiyasının sədri Namiq Quliyevin bildirdiyinə görə, dairə üzrə 40 bələdiyyəyə 358 bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 730 nəfərdir. Seçkiləri izləmək üçün 545 müşahidəçi qeydə alınıb. 54 seçki məntəqəsində seçicilərin ümumi sayı 45 min 473 nəfərdir. Seçicilərdən 647 nəfəri ilk dəfə səs verən gənclərdir. 1137 nəfər seçicinin yaşı 80-100 arasında, 11 seçicinin yaşı isə 100-dən artıqdır. 30 saylı seçki məntəqəsində qeydə alınmış 125 yaşlı Səmərqə Allahverdiyeva nəinki rayonun, eləcə də respublikanın ən yaşlı seçicisidir. O, əvvəlki seçki kampaniyalarında olduğu kimi, bu seçkilərdə də iştirak etmək arzusundadır.

93 və 94 saylı seçki dairələrinin əhatə etdiyi bütün məntəqələrdə səsvermə gününə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılıb. Seçki məntəqələrdə görülən hazırlıq işləri onu deməyə əsas verir ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri zamanı seçicilər öz iradələrini sərbəst, azad və şəffaf şəkildə ifadə edə biləcəklər.


Create Account



Log In Your Account