Dec 21 2017 11:56
Ferah Sabirqizi
Views: 591

İsrailin TANAP layihəsinə qoşulması regionda sülhün qorunması və gücləndirilməsi baxımından müsbət nəticələr verə bilər. Corctaun Universitetinin Professoru Brenda Şaffer CBC-yə müsahibəsində belə dedi. Bildirdi ki, ayrı-ayrı dövlətlər arasında müxtəlif siyasi problemlərin olduğu indiki dövrdə enerji diplomatiyası əlaqələrin qopmasının qarşısının alınmasında mühüm rol oynayır. Türkiyə və İsrail də diplomatiyanın bu növündən faydalana bilərlər.

“İsrail, Azərbaycan və Türkiyə bu variantı müzakirə edir. Xüsusilə, İsraillə Türkiyə arasında enerji diplomatiyasının olması çox yaxşı haldır. Çünki bəzən digər məsələlərdə, xüsusilə də siyasi məsələlərdə narazılıqlar olur. Amma bu məsələ əslində çox praktikdir, ölkələr arasında daha yaxşı əlaqələrin qurulmasına töhfə verə bilər. Düşünürəm ki, İsrailin bu layihəyə qoşulmasında siyasi əngəl yoxdur. Maneələr yalnız maliyyə çətinliyi ilə bağlı ola bilər.  Çünki Türkiyə layihələrə doymuş ölkədir.  Yeddinci  layihənin həyata keçirilməsi ölkə üçün bir qədər mürəkkəb ola bilər. Bu, böyük maliyyə vəsaiti tələb edən bir layihədir. Amma hər halda Cənub Qaz Dəhlizi layihəsində də müzakirələr illər almışdı və nəhayət, ideyanın reallığa çevrildiyini gördük”.

Brenda Şafferin fikrincə, dünyada baş verən mürəkkəb siyasi, iqtisadi hadisələrin fonunda neft qiymətləri gələn il də  dalğalanmağa davam edəcək.  Gələn ilki qiymətlər bu illə müqaisədə daha yüksək ola bilər. Bu, həm də neftə tələbatın artması ilə əlaqəli olacaq.

“Neft qiymətləri daim düşür və qalxır. Qiymətlər endiyi zaman biz bunun uzun müddət belə qalacağını düşünürük. Qiymətlər qalxanda da həmçinin. Amma bu qiymətlər sadəcə dövr edir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan  kimi layihələr başqa cür qiymət mühiti üçün nəzərdə tutulan layihələrdir. Düşünürəm ki, geopolitik sabitliyin olmaması səbəbindən gələn il nisbətən daha dar  neft bazarı olacaq. Bununla yanaşı, Çində neftə böyük tələb var. Oradakı iqtisadiyyatın zirvədə olması səbəbindən. Buna görə də, düşünürəm ki,  gələn il də dalğalanma ili olacaq. Amma hər halda neft qiymətlərinin bugünkündən daha yüksək olacağını düşünürəm”.

Brenda Şaffer Azərbaycanda həyata keçirilən iri enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm daşıdığını qeyd etdi. Bildirdi ki, bu layihələr həm də böyük bir regionda sülhün və inkişafın əsas qarantlarından biridir.


Create Account



Log In Your Account