Mar 06 2020 12:33
Elshad Aliyev
Views: 42

“Brent” markalı xam neftin qiyməti son üç ildə ilk dəfə 50 dollar/barreldən aşağı satılır.

AZƏRTAC xəbər verir ki, buna səbəb neft hasilatının daha da azaldılması və mövcud sazişin müddətinin uzadılmasına dair OPEC və qeyri-OPEC ölkələri arasında yaranan anlaşılmazlıqdır. Belə ki, OPEC hasilat məhdudiyyətinin sutkalıq 1,5 milyon barrel dərinləşdirilməsini və sazişin müddətinin ilin sonunadək uzadılmasını təklif edir. Lakin bu məsələdə Rusiya tərəfi ilə konsensus əldə edilməyib.

Analitiklərin fikrincə, “OPEC+” nazirlərinin bugünkü görüşündə hər hansı razılıq əldə edilməsə, 2006-cı ildən bəri davam edən OPEC və Rusiyanın rəhbərlik etdiyi qeyri-OPEC neft istehsalçıları arasındakı əməkdaşlığın iflasa uğraması da gündəmdədir.

Rusiyanın Maliyyə naziri Anton Siluanov isə dünən bildirib ki, əgər mübahisəli vəziyyət olarsa, Rusiya neftin qiymətinin ucuzlaşmasına hazırdır.

Qeyd edək ki, bir çox ölkədə yayılan koronavirusun qlobal iqtisadi artıma mənfi təsir edəcəyi, eləcə də neft tələbatının azalacağına dair narahatlıqlar artmaqdadır. Belə ki, dünya iqtisadiyyatı 2009-cu ildən bəri ən pis nəticələrini göstərə bilər. Xam neftin qiyməti isə bu il təxminən 16 faiz ucuzlaşıb.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 49,50 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45,44 dollara satılır.

 


Create Account



Log In Your Account