Apr 29 2020 14:01
Elshad Aliyev
Views: 57

Britaniya Hava Yolları - “British Airways” şirkətdəki hər dörd iş yerindən birini ixtisar edəcəyini bəyan edib. AZƏRTAC “Qardian” nəşrinə istinadla xəbər verir ki, bu barədə aviakompaniyanın icraçı direktoru Aleks Kruzun müraciət məktubunda bildirilib. O, planeti əhatə etmiş koronavirus pandemiyası səbəbindən beynəlxalq aviadaşımaların iflasa uğraması nəticəsində 42 min iş yerindən 12 mininin və ya üçdə birinin ixtisara düşəcəyini qeyd edib.

İcraçı direktor belə qəti tədbirin yaranmış vəziyyətdə şirkətin özünü qoruması və fəaliyyətini davam etdirə bilməsi üçün zəruri olduğunu vurğulayıb. Hazırda aviaşirkət Böyük Britaniya hökumətinin qəbul etdiyi sərt karantin tədbirləri çərçivəsində əməkhaqqının dövlət hesabına saxlanması şərti ilə 22 min 600 nəfəri məzuniyyətə buraxıb. Kruz əməkhaqqının dövlət hesabından müddətsiz ödənilməsinə vergi ödəyicilərinin razılaşacağını gözləməyin mənasız olduğunu deyib.

Aprelin 27-də “Xitrou aeroportundan gündəlik adi 300 uçuşun yerinə cəmi 12 uçuş yerinə yetirilib”, - deyə məktubda qeyd edilib. İcraçı direktor, həmçinin çoxsaylı böhranlar yaşamış aviaşirkətin uzunmüddətli fəaliyyətində indiki qədər çətin vəziyyətin olmadığını diqqətə çatdırıb.


Create Account



Log In Your Account