Dec 06 2019 11:50
Elshad Aliyev
Views: 258

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzində (EPC) dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbərliyinin, Aİ-nin ölkəmizdəki nümayəndəliyinin, Brüsseldəki müxtəlif qurumların və təşkilatların təmsilçilərinin iştirak etdikləri görüşün əsas müzakirə mövzusu Azərbaycanla-Aİ münasibətləri və Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyət olub.

Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin mövcud vəziyyəti müzakirə olunub, yenilənməsi gözlənilən çərçivə sazişi ilə bağlı danışıqlardan bəhs edilib.

BMTM-in sədri Fərid Şəfiyev çıxış edərək bildirib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşlıqda maraqlıdır. Tərəflər arasında enerji və nəqliyyat sahələrində artıq reallaşdırılmış çoxsaylı layihələr bu tərəfdaşlıq üçün əhəmiyyətli zəmin hazırlayıb.

Fərid Şəfiyev diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların qanunsuz işğalını davam etdirir. Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesini pozan populist və əsassız bəyanatları səbəbindən bu il ərzində problemin həlli istiqamətində irəliləyiş əldə olunmayıb. F.Şəfiyev Avropa İttifaqını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də regiondakı oxşar digər münaqişələrə ayırdığı diqqəti və dəstəyi göstərməyə çağırıb.

Sonra çıxış edən “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev torpaqlarımızın işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşən insanların uzun illərdir məcburi köçkün statusunda yaşamasının və onların fundamental hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirib. O, son bir ildə icmanın gördüyü işlərdən bəhs edib və münaqişənin sülh yolu ilə həllinə dəstək vermək üçün Dağlıq Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğunu diqqətə çatdırıb.


Create Account



Log In Your Account