Feb 26 2020 15:16
Elshad Aliyev
Views: 48

Fevralın 27-də Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun Azərbaycana 2020-ci ildə ilk səfəri baş tutacaq.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, Baş Nazirin ticarət nümayəndəsi “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak edəcək.

“Bu, Böyük Britaniya ilə Azərbaycanın enerji sektorundakı əməkdaşlığının yüksək səviyyədə olmasını göstərir. Baronessa Nikolson, eyni zamanda, Böyük Britaniyanın Azərbaycanın bərpa olunan enerji sektoruna investisiya etməyə hazır olduğunu vurğulayacaq. Böyük Britaniya Azərbaycanın geniş günəş, külək və hidroenerji potensialını artırmaq üçün öz təcrübəsini və biznesini investisiya etməyə hazırdır. Baronessa Nikolson Azərbaycanın yüksək vəzifəli rəsmiləri, Britaniya biznes icması ilə görüşəcək, həmçinin Bakıda yerləşən “Birgə və Sağlam” Autizm mərkəzinə baş çəkəcək”, - deyə məlumatda qeyd olunub.

Baronessa Nikolson səfərdən öncə bildirib ki, ölkələr arasında enerji, iqtisadiyyat və mədəniyyət daxil olmaqla hər bir sahədə güclü ikitərəfli tərəfdaşlıq mövcuddur: “Mən bu tərəfdaşlığı daha da inkişaf etdirəcəyimə ümid edirəm. Noyabr ayında Böyük Britaniya bu ilin əsas iqlim dəyişikliyi konfransı – COP26-ya Qlazqoda ev sahibliyi edəcək. Böyük Britaniya artıq 2050-ci ilə qədər karbon (CO2) emissiyalarında sıfıra çatmağı öhdəsini götürmüşdür və bütün digər ölkələri hamımızın, övladlarımızın və nəvələrimizin birlikdə daha yaşıl bir gələcəyə ümid etmələri üçün səy göstərməyə çağırırıq. Prezident İlham Əliyev artıq Azərbaycanın bərpa olunan enerjini mənimsəmək əzmini açıq şəkildə bildirib və yaxın günlərdə karbon emissiyasının azaldılması ilə bağlı Azərbaycanın Qlazqoda hansı iddialı öhdəlikləri üzərinə götürəcəyini müzakirə etməyi səbirsizliklə gözləyirəm”.


Create Account



Log In Your Account